Tbilisi. 25 fevral. REPORT.AZ/ Tbilisidə WK-1 idman növü üzrə Avrasiya çempionatında peşəkar idmançıların yarışı olub.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan idmançısı Murad Babayev 71 kiloqram çəki dərəcəsndə Gürcüstan idmançısı Qote Qureşidze ilə qarşılaşıb.
Rəqibinə heç bir şans verməyən M.Babayev rəqibini məğlub edərək Avrasiya kubokunun qalibi olub.
Murad Babayev "Report"un Gürcüstan bürosunda açıqlamasında deyib: "Yarışa ciddi hazırlaşmışdıq. Bunun nəticəsidir ki, yarışda rəqiblərimə qalib gələrək Azərbaycan bayrağını başım üzərinə qaldıra bildim. Bu qələbəmə görə, məşqçim Yaqub İbrahimova minnətdaram. Uğurlarımız bundan sonra da davam edəcək".
Yarışın əsas təşkilatçısı, beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi, “Qartal” peşəkar idman klubunun prezidenti Yaqub İbrahimov da yarışa ciddi hazırlaşdıqlarını bildirib: "Sevindirici haldır ki, bu gün həvəskar idmançılarımızdan 4-ü, peşəkar idmançılarımızdan isə 1-i qızıl medal qazandılar. Daha iki idmançımız isə peşəkar yarışın gümüş medalına sahib olublar. Bizi qarşıda daha çətin mübarizə gözləyir. Apreldə Bakıda həvəskarlar arasında beynəlxalq turnir, Özbəkistanda isə peşəkar idmançılar arasında reytin döyüşləri keçiriləcək. Məqsədimiz hər iki yarışda Azərbaycan bayrağını yüksəklərə qaldırmaq, ölkəmizin idman şərəfini qorumaqdır. İnanıram ki, məqsədimizə nail olacağıq".
Gürcüstan WK-1 İdman Federasiyasının prezidenti Soso Gelaşvili də çempionatından razılığını ifadə edib: "İdman bizim dostluğumuzun möhkəmlənməsində də mühüm rol oynayır. Azərbaycan idmançıları bu çempionatda çox yüksək peşəkarlıq nümayiş etdirdilər. Mən həmçinin, çempionatın təşkilinə görə, Azərbaycan tərəfinə də minnətdarlığımı bildirirəm. Bizim əməkdaşlığmız bundan sonra da davam edəcək".
Qeyd edək ki, Avrasiya çempionatı ilk dəfə Gürcüstanda keçirilib. Yarışmada həvəskarlar arasında Azərbaycanın dörd idmançısı qızıl medal qazanıblar.