Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA Başa çatmaqda olan 2022-ci il Azərbaycan idmanı üçün bir sıra önəmli hadisələrlə yadda qalıb.
Fərdi
29 Dekabr , 2022 12:17
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Başa çatmaqda olan 2022-ci il Azərbaycan idmanı üçün bir sıra önəmli hadisələrlə yadda qalıb.

İl ərzində idmançılar dünya və Avropa çempionatlarında, eyni zamanda, nüfuzlu beynəlxalq turnirlərdə qüvvələrini sınayıblar.

“Report” geridə qalan ilin ilk 6 ayında baş tutmuş vacib idman yarışlarını xronoloji ardıcıllıqla təqdim edir:

Yanvar - Qızıl medalla start, Dünya Kuboku qalibiyyətləri

2022-ci ildə ilk qızıl medal güllə atıcısı Ruslan Lunyovdan gəlib. O, Sloveniyadakı ISSF Qran-prisində 10 m məsafədə atəş açmada birinci yeri tutub. Lunyov, eyni zamanda, Xorvatiyadakı Qran-pridə də gümüş medal qazanıb.

Birinci mötəbər çempionluğu isə qılıncoynadan Anna Başta əldə edib. O, Bolqarıstanın Plovdiv şəhərində keçirilən qadın sablyaçıların Dünya Kubokunu qızıl medalla başa vurub.

Şahmatçı Şəhriyar Məmmədyarovla karateçi İrina Zaretska millinin aktivinə ikincilik yazdırıblar. Şəhriyar Niderlandın Veyk-an-Ze şəhərindəki “Tata Steel Masters” superturnirində 13 rəqibi arasında yalnız norveçli Maqnus Karlsendən geri qalıbsa, Zaretska “Paris Open 2022” turnirində gümüş medala yiyələnib.

İsveçrənin Sankt-Morits şəhərində qarüstü polo üzrə 37-ci Dünya Kubokuna Heydər Əliyev fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə qatılan “Land of Fire” komandası keçirdiyi hər üç görüşdə qələbə qazanaraq, Dünya Kubokunun qalibi olub.

Ancaq futzal üzrə Azərbaycan millisi uğurun davamını gətirə bilməyib. Joze Alesio Da Silvanın yetirmələri Niderlandda keçirilən Avropa çempionatında qrupda qaldılar. Yer aldığı D qrupunda 4 xal toplayan futzalçılar mübarizəni erkən dayandırıblar.

Fevral - Cüdoçuların ayı, “Qarabağ”dan ilk

Futzalçılardan fərqli olaraq, “Qarabağ” futbol klubu fevralda Azərbaycan tarixində növbəti ilkə imza atıb. Ağdam təmsilçisi avrokubokların pley-off mərhələsində iştirak edən birinci Azərbaycan klubu olmağı bacarıb. 2021-2022 mövsümündə UEFA Konfrans Liqasının pley-offunda Fransa “Marsel”inə rəqib olan “Qarabağ” hər iki matçda (1:3, 0:3) rəqibinə uduzub. Bakıdakı cavab görüşündə İbrahima Vadjinin əllə vurduğu qolu baş hakim qeydə alsa da, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov feyr-pley nümunəsi göstərərək, bunun ləğvinə vasitəçilik edib.

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova isə Macarıstanın “Vaşaş” klubunun heyətində MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi olub.

Fevralı cüdoçular üçün də parlaq ay adlandırmaq olar. Əvvəlcə Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (100 kq) Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıblar. Azərbaycan millisi İsrailin Təl-Əviv şəhərindəki Böyük Dəbilqə turnirini isə 34 ölkə arasında 2-ci pillədə başa vurub. Məmmədəli Mehdiyev bu dəfə qızıla layiq görülüb. Onunla yanaşı, Hidayət Heydərov (73 kq) da Azərbaycan himnini səsləndirib.

Azərbaycan cüdoçuları Polşanın paytaxtı Varşavada baş tutan Açıq Avropa turnirində daha uğurlu nəticə göstəriblər. 34 ölkədən 493 idmançının qatıldığı yarışda kişilərin mübarizəsində milli ümumi komanda hesabında birinci yeri tutub. Fərdi yarışda Əhməd Yusifov (60 kq), İbrahim Əliyev (66 kq) qızıl, İsmayıl İbrahimov (66 kq) gümüş, Rövşən Əliyev (60 kq) və İmran Yusifov (100 kq) bürünc medal qazanıblar.

İlin ikinci ayında Bakıda batut gimnastikası üzrə Dünya Kuboku təşkil edilib. Azərbaycan təmsilçisi Selcan Mahsudova yarışda gümüş medal qazanıb. Bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında fərdi növdə qazanılan ilk medal kimi əlamətdar olub.

Qadın karateçi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinə qatılıb və bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Fevralı da bütünlüklə uğur ayı saymaq olmaz. Çinin paytaxtı Pekində keçirilən XXIV Qış Olimpiya Oyunlarında Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil ediblər. Ryabova 16-cı, Litvintsev 18-ci yerlə kifayətlənib.

Şahmatçı Şəhriyar Məmmədyarov isə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsində mübarizəni erkən dayandırıb. 37 yaşlı qrossmeyster ilkin mərhələni 14-cü pillədə başa vuraraq, “8-liy”ə düşə bilməyib.

Mart - Sərbəst güləşçilərin tarixi nailiyyəti

Qatıldığı turnirlərdə Azərbaycanın üzünü güldürən qılıncoynadan Anna Başta martda Yunanıstanın paytaxtı Afinadakı Dünya Kubokunun mərhələ yarışında da qızıl medalı heç kimə verməyib.

Bakıda akrobatika gimnastikası üzrə əvvəlcə XII Dünya Yaş Qrupları Yarışları, ardından XXVIII dünya çempionatı keçirilib. İlk yarışda Azərbaycan komandası qızıl medal qazanıb. Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan (13-19 yaş qrupu) ibarət qadın qrupu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Azərbaycanın gimnastika tarixində dünya yaş qrupları yarışlarında qazanılan ilk qızıl olub. Dünya çempionatında isə Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük templə hərəkətlərdə gümüş, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət cütlük isə templə və qarışıq hərəkətlərdə bürünc medala yiyələnib.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Bolqarıstanın Plovdiv şəhərində U-23-lər arasında Avropa çempionatında 5 medalla (2 qızıl, 3 bürünc) komanda hesabında üçüncü olub. Qadın güləşçilər də aktivlərinə 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) yazdıraraq, qitə üçüncülüyünə yiyələniblər. Sərbəst güləşçilər isə daha uğurlu olublar. Yığma 159 xalla Avropa çempionluğunu qazanıb. Xüsusən də, Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasovun (97 kq) Avropa çempionluğunu qeyd etmək olar.

Azərbaycanın sərbəst güləş üzrə əsas millisi isə Macarıstandakı Avropa çempionatında tarixi nailiyyətə imza atıb. 159 xal toplayan yığma Budapeştdə komanda hesabında qitə çempionu olub. Yarışa yollanan 10 güləşçidən 7-si fəxri kürsüyə qalxıb. Məhəmmədxan Məhəmmədov (97 kq) 1-ci, Abubakr Abakarov (86 kq), Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) 2-ci, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) 3-cü yeri tutublar.

Gənc cüdoçuların Yunanıstandakı Avropa Kubokunda göstərdikləri nəticəni də qənaətbəxş saymaq olar. Afinada əldə edilən 2 qızıl, 2 gümüş medal millini komanda hesabında üçüncü edib.

22 yaşadək boksçular da Avropa çempionatında 4 medalla yarışı üçüncü sırada tamamlayıblar. Xorvatiyanın Poreç şəhərindəki qitə birinciliyində boksçular 1 qızıl, 1 gümüş və 2 bürünclə seçiliblər.

Gimnast Nikita Simonov Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda bürünc medal qazanıbsa, Azərbaycan millisinin qadın voleybolçusu Ayşən Abduləzimova “Vaşaş”ın heyətində bu dəfə Macarıstan Kubokunu başı üzərinə qaldırıb. Yığmanın digər voleybolçusu Marqarita Stepanenko isə “Panatinaikos”la Yunanıstan Kubokuna yiyələnib.

Bunların fonunda Yekaterina Ryabova, Vladimir Litvintsev, Aleksandr Kolosovski və Yekaterina Kuznetsovadan ibarət Azərbaycanın fiqurlu konkisürmə millisi Fransadakı dünya çempionatını uğursuzluqla tamamlayıblar. Şahmatçı Şəhriyar Məmmədyarov da onlardan geri qalmayıb. O, Serbiyada təşkil olunan FIDE Qran-prisində bütün qarşılaşmalarını “sülh”lə başa vuraraq, mübarizəni vaxtından əvvəl dayandırıb.

Çinin paytaxtı Pekində keçirilən XIII “Pekin-2022” Qış Paralimpiya Oyunlarına yollanan Azərbaycanın yeganə idmançısı Mehman Ramazanzadə mübarizə aparmadan geri qayıdıb. Buna səbəb Ramazanzadənin yarışdan əvvəl sonuncu məşqdə aldığı ağır zədə olub.

Aprel - Bakıda qazanılan Dünya Kuboku, iki yığmanın Avropa çempionluğu

Şəhriyar Məmmədyarov uğursuz çıxışını apreldə də davam etdirib. Şahmatçı bu dəfə Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinin III mərhələsinin yarımfinalında ABŞ təmsilçisi Hikaru Nakamuraya məğlub olaraq, medalsız qalıb.

İlin dördüncü ayında Bakıda idman gimnastikası və bədii gimnastika üzrə Dünya Kuboku keçirilib. İdman gimnastı Nikita Simonov halqa ilə hərəkətlərdə bürünc medal qazanıb. Bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda isə birinci yeri tutub. Tərkibi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət yığma 5 halqa ilə hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Milli çoxnövçülükdə də ikinci yerə yiyələnib.

Cüdo üzrə Azərbaycan millisi isə Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda ümumi hesabda çempion olub. 25 ölkədən 257 idmançının qatıldığı turnirdə 10 cüdoçudan 4-ü qızıl, 1-i bürünc əldə edib. Ancaq Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə yarışında yığma uğursuz çıxış edib. Turnirə qatılan 13 idmançıdan yalnız Elmar Qasımov (100 kq) bürünclə öyünə bilib.

Cüdoçular kimi, yunan-Roma güləşçiləri də ümumi komanda hesabında Avropa çempionluğunu əldə edib. Macarıstanın paytaxtı Budapeştdəki qitə birinciliyində Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıblar. Qadınların yarışında isə Elis Manolova (65 kq) 2-ci yeri tutub.

Bolqarıstanda baş tutan gənc boksçuların Avropa birinciliyində Azərbaycan millisi 3 illik həsrətə son qoyub. Kənan Babayev (48 kq) Sofiyadakı yarışda əldə etdiyi qızıl medalla komandanı sevindirib.

Portuqaliyanın Matozinyuş şəhərində keçirilən Karate1 Premyer Liqa turnirində də iki karateçi fəxri kürsüyə qalxıb. 68 kq-da çıxış edən qadın idmançı İrina Zaretska və 75 kq-da yer alan Fərid Ağayev gümüş medal qazanıblar.

May - Gimnastlar üçün uğurlu ay

Azərbaycan gimnastları mayda Portuqaliyanın Maya şəhərindəki akrobatika gimnastikası üzrə Dünya Kubokunda 2 bürünc medal qazanıblar. Bu ay, həmçinin, Rumıniyada bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında 21-ci beynəlxalq "Irina Deleanu Cup”, Polşada isə böyüklər arasında keçirilən “XIV İrina Cup” turniri təşkil edilib. Azərbaycan təmsilçiləri bu iki yarışda ümumilikdə 2 qızıl, 3 gümüş, 4 bürünc medal əldə ediblər.

Cüdoda medal sayı mayda o qədər də çox olmayıb. Bolqarıstandakı Avropa çempionatında Hidayət Heydərov (73 kq) 1-ci, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) 3-cü yerə layiq görülüblərsə, qadın cüdoçular Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) Bosniya və Herseqovinadakı Avropa Kubokunun üçüncülüyünə yiyələniblər.

Elə karate millisi də Türkiyədə baş tutan Avropa çempionatında cəmi 2 medalla kifayətlənib. Qaziantepdə kumite yığması gümüş, kataçılar isə bürünc medala sahib çıxıblar. Əvəzində parakarate üzrə Avropa çempionatında görmə qüsurlular kateqoriyasında qadınlar arasında Azərbaycan təmsilçisi Emiliya Mitilinova çempionluğunu qeyd edib. Komanda hesabında yığma kumite yarışlarında Avropa ikincisi, katada da qitə üçüncüsü olub.

Qonşu ölkə Türkiyədə çimərlik güləşi üzrə Dünya Seriyası da keçirilib. Sarıgerme qəsəbəsindəki ilk mərhələdə kişilərdən ibarət milli 3 medalla (1 qızıl, 2 bürünc) qitənin ikincisi olub.

İyun - Həm komanda, həm də fərdi növlərdə Avropa çempionluqları

Maydan fərqli iyun Azərbaycan idmanı üçün olduqca hərəkətli alınıb. Bakıda atıcılıq üzrə Dünya Kuboku, eyni zamanda “Formula 1” üzrə növbəti Azərbaycan Qran-prisi keçirilib.

Minifutboldan ibarət Azərbaycan millisi isə Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olub. Yığma tarixində ikinci dəfə qatıldığı qitə birinciliyinin finalında Rumıniyaya qalib gələrək qızıl medallara sahib çıxıb.

Azərbaycan millisi İtaliyada keçirilən batut gimnastikası və tamblinq üzrə 28-ci Avropa çempionatını 1 qızıl, 1 bürünc, İsraildə baş tutan bədii gimnastika üzrə qitə birinciliyini isə 4 bürünc medalla başa vurub.

Cüdoçular iyunda 4 müxtəlif ölkədə yarışa qatılıblar. Avstriyadakı Avropa kubokunda gənclər 2 gümüş, Gürcüstandakı Böyük Dəbilqədə eyni sayda bürünclə kifayətləniblərsə, qadın cüdoçu Aytac Qardaşxanlı (63 kq) Bosniya və Herseqovinada Avropa kubokunun üçüncüsü olub. Yeniyetmələrin nəticələri isə daha yaxşı alınıb. Onlar Xorvatiyada baş tutan Avropa çempionatında 3 qızıl, 1 gümüş, 4 bürünc medalla komanda hesabında ikinci yeri tutublar.

2022-ci ilin ilk üç ayında Dünya Kubokunun ikiqat qalibi olan qılıncoynadan Anna Başta Türkiyədə keçirilən Avropa çempionatından da qızıl medalla ayrılıb. O, sablyaçıların şəxsi yarışında bütün rəqiblərini məğlub edib.

Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” şahmat turnirində ikinci yeri tutubsa, Azərbaycan para-üzgüçülərindən Vəli İsrafilov və Roman Saley Portuqaliyada dünya çempionluğunu qazanıblar.

Karate ilə güləşdə bu dəfə yeniyetmə və gənclər fərqləniblər. Karateçilər Çexiyadakı Avropa çempionatını 5 medalla (3 qızıl, 2 bürünc) tamamlayıblar. Rumıniyada baş tutan U-17 Avropa çempionatında isə sərbəst güləş üzrə Azərbaycan yığması 6 qızıl, 1 gümüş, 2 bürünc, yunan-Roma güləşçiləri isə 2 qızıl, 5 gümüş, 1 bürünclə komanda hesabında qitə çempionu olublar. Qızların yarışında da milli bir dəst medala sahib çıxıb.

(Davamı olacaq)

Son xəbərlər

Orphus sistemi