Azərbaycan güləşçiləri hərbçilər arasında dünya çempionatında daha 3 medal qazanıb
- 19 may, 2018
- 11:25
Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın daha bir güləşçisi Rusiyanın paytaxtı Moskvada hərbçilər arasında keçirilən 33-cü dünya çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində yer alan yunan-Roma güləşçisi Həsən Əliyev final görüşündə rusiyalı Çingiz Labazanovu 5:2 hesabı ilə yenib. O, hərbçilər arasında ikinci dəfə dünya çempionu olub. Daha əvvəl H.Əliyev 2016-cı ildə Makedoniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər çəkilərə gəldikdə, Rafiq Hüseynov (82 kq) 5:2, İslam Abbasov (87 kq) 8:1 hesabı ilə almaniyalı rəqiblərinə qalib gələrək bürünc medala sahib olublar.
Beləliklə hərbçilər arasında dünya çempionatında Azərbaycan yığma komandası 2 qızıl, 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə, 11 medal qazanıb.