Azərbaycanın kayak və kanoeçiləri İtaliyanın Auronso di Kadoro şəhərindəki “ICF Sprint Canoe Kayak International Event” reqatasında 12 medal qazanıblar.
Gənclərin fərdi yarışında Malxaz Çinçaraşvili kanoe növündə 500 və 1000 metr məsafələrə yürüşdə 1-ci yeri tutub. 200 metrdə isə o, bürünc medal qazanıb. Daha bir bürünc medalı Vadim Hüseynov 1000 metr məsafəyə yürüşdə əldə edib.
Çinçaraşvili - Hüseynov dueti 500 və 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə bütün rəqiblərini qabaqlayıblar. 200 metrdə isə onlar 3-cü yeri tutublar.
Yeniyetmələrdən Cumber Çxutiaşvili 200 metr məsafəyə yarışda qalib olub. Tofiq Bayramov isə 16 yaşa qədər idmançıların mübarizəsində 2 medal götürüb: 500 metrdə 1-ci, 200 metrdə 2-ci yer. Gülnarə Həmzəyeva da Çxutiaşvili ilə eyni nəticəyə imza atıb.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü Həmzəyeva yarışın ən gənc iştirakçısı olub. O, 2003 və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib.