Avropa Velosipedçilər Birliyi (UEC) Direktorlar Komitəsinin növbəti islası keçirilib.
"Report"un məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, UEC Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov və qurumun Rusiyadan olan vitse-prezidenti Aleksandr Qusyatnikov iclasa videokonfrans rejimində qatılıblar.
Müzakirələr zamanı qeyd olunub ki, koronavirus pandemiyası səbəbindən bütün idman növlərində olduğu kimi, velosiped idmanında da beynəlxalq yarış təqviminin ciddi dəyişikliyə məruz qalması mötəbər qurumların rəhbərlərini vəziyyətdən çıxış yolu axtarmağa sövq edir və bununla əlaqədar Avropa Velosipedçilər Birliyi 2020-ci ilin təqvim planında yer alan şose, MTB (dağ velosipedi), BMX və trek velosipedi üzrə qitə çempionatları, həmçinin Avropa Kuboku yarışlarının təşkilində məcburi dəyişikliklər etmək məcburiyyətində qalıb.
Tokio Yay Olimpiya Oyunlarının gələn il 23 iyul – 8 avqust tarixlərində keçirilməsinin planlaşdırıldığını, eləcə də bir sıra digər məsələləri nəzərə alsaq, 2021-ci ilin avqustunda velosiped idmanının müxtəlif növləri üzrə Belarusun paytaxtı Minskin qəbul etməli olduğu birləşmiş Avropa çempionatının yerinin dəyişdirilməsi məsələsi ciddi müzakirə mövzusu olub. Bundan başqa, gələn ilin martında Danimarkada keçiriləcək Avropa Velosipedçilər Birliyinin Konqresi, quruma prezident və Direktorlar Komitəsinə yeni seçkilərlə bağlı da fikir mübadiləsi aparılıb.