AMADA fitnes mərkəzlərində dopinqə qarşı mübarizəni sərtləşdirəcək

AMADA fitnes mərkəzlərində dopinqə qarşı mübarizəni sərtləşdirəcək Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndə heyəti Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş “Fitnesdə dopinq və səhiyyə” beynəlxalq konfransında iştirak edib.
Fərdi
31 Oktyabr , 2019 16:50
AMADA fitnes mərkəzlərində dopinqə qarşı mübarizəni sərtləşdirəcək

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndə heyəti Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş “Fitnesdə dopinq və səhiyyə” beynəlxalq konfransında iştirak edib. 

AMADA-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər zamanı həvəskar idmanda dopinqin istifadəsinə qarşı mübarizə sahəsində Danimarka təcrübəsi öyrənilib.

Bununla əlaqədar nümayəndə heyəti Danimarka Antidopinq Təşkilatı (ADD) ilə bir sıra görüşlər keçirib.

Konfrans iştirakçıları anabolik steroidlər və böyümə hormonlarının fitnes mərkəzlərində və idman zallarında istifadəsi, gənclər arasında yayılması, insan sağlamlığına mənfi təsiri ilə bağlı son araşdırmaların nəticələrini müzakirə edib. Həmçinin tədbirdə anabolik steroidlər və böyümə hormonlarının qlobal “qara bazarı”, onların qeyri-leqal yayılması yolları, onlarla mübarizə üsulları, antidopinq təşkilatları və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq məsələləri təhlil edilib.

“Oxşar problemləri biz Azərbaycanda da müşahidə edirik. Anabolik steroidlərdən gənclərin istifadə etməsi bizi xüsusilə narahat edir. Gənclərə bu maddələr əsasən fitnes mərkəzlərində və idman zallarında təklif olunur. Çoxsaylı tədqiqatlar sübut edir ki, anabolik steroidlər və böyümə hormonları insan sağlamlığına çox ciddi mənfi təsir göstərir”, - AMADA-nın direktoru Şəfəq Hüseynli Danimarka səfərinin yekununda bildirib.

Onun sözlərinə görə, ADD həvəskar idmanda dopinqin istifadəsinə qarşı mübarizə sahəsində ən qabaqcıl təşkilatlardan biri hesab edilir.

“Biz Danimarka təcrübəsini diqqətlə öyrənirik və anabolik steroidlərin fitnes mərkəzlərində, idman zallarında yayılmasının qarşısının alınması istiqamətində daha da fəal işləyəcəyik. Biz bu sahədə hüquq-mühafizə orqanları ilə çox sıx əməkdaşlıq edirik”, - Ş.Hüseynli deyib.

AMADA anabolik steroidlər və böyümə hormonlarının idxalı və satışı ilə məşğul olan şəxslər haqqında məlumatların hüquq-mühafizə orqanları ilə mübadiləsini həyata keçirir. Bununla yanaşı, ölkədə steroidlər və böyümə hormonlarının yayılmasını tənzimləyən qanunvericiliyin sərtləşdirilməsi məqsədilə agentlik bir sıra təkliflər irəli sürəcək. 

Son xəbərlər

Orphus sistemi