Azərbaycanda 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə fevralın 15-də batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ilə start verəcək.
"Report" xəbər verir ki, iki gün davam edəcək turnir Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
İlkin qeydiyyat siyahısına əsasən, artıq 31 ölkə iştirakını təsdiqləyib. Qalib adı uğrunda təxminən 171 gimnast mübarizə aparacaq. Onların adları isə yanvarın sonunda bəlli olacaq.
İlk yarış günündə təsnifat, ikinci gün final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.
Qeyd edək ki, ötən il Milli Gimnastika Arenasında baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da olimpiadaya təsnifat xarakteri daşıyıb. 2018-ci ildə isə Azərbaycan 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Bakıda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.