Yuxarı

​Yaponiya AÇG layihəsi üzrə əməkdaşlığı davam etdirmək niyyətindədir

SOCAR Trading” vasitəsilə Yaponiyaya ildə 240 min ton xam neft ixrac olunur

Bakı. 27 oktyabr. REPORT.AZ/Azərbaycan Energetika Nazirliyində Yaponiyanın iqtisadi dirçəliş üzrə naziri Akira Amarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

"Report" Nazirliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələrin dərin tarixi köklərə malik olduğu, müstəqillik illərində isə bu münasibətlərin enerji əməkdaşlığı ilə yeni müstəviyə qədəm qoyduğu qeyd edilib.

Energetika naziri Natiq Əliyev “Əsrin Müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsində Yaponiyanın “Itochu”, “Inpex”, “Dan Uduzu-Əşrəfi”də isə “Mitsui“ şirkətlərinin iştirakını yüksək qiymətləndirərək, bu əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Yaponiya hökumətinin krediti vasitəsilə Azərbaycanda “Şimal” elektrik və “Şimal-2” qaz-buxar elektrik stansiyalarının tikintisi, eləcə də Türkiyədə “Star” neft emalı zavodunun inşasında yapon şirkətlərinin iştirakından məmnunluq ifadə edilib.Bildirilib ki, “SOCAR Trading” vasitəsilə Yaponiyaya ildə 240 min ton xam neft ixrac olunur. Dünyada cərəyan edən geosiyasi hadisələr və iqtisadi böhran şəraitində Azərbaycanla Yaponiya arasında münasibətlərin dostluq əsasında davam etdirilməsinin vacibliyini vurğulayan nazir deyib ki, tərəflər bir-birinə dəstək verməlidir.

Yaponiyalı nazir Akira Amari isə 20 ildən çoxdur ki, "Azəri-Çıraq-Günəşli" və Bakı-Tbilisi-Ceyhan layihələrində "Itochu" Korporasiyasının uğurlu iştirakında dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib. O, AÇG blokunun işlənilməsi ilə bağlı hazırkı müqavilə müddətinin 2024-cü ildə bitdiyini xatırladaraq, fəaliyyətlərini gələcəkdə də davam etdirmək üçün “Itochu” və “Inpex” şirkətləri ilə bağlanmış sazişin vaxtının uzadılması və Azərbaycanda reallaşdırılması nəzərdə tutulan yeni Neft-qaz emalı və neft-kimya Kompleksi (NQNK) layihəsində "Itochu" Korporasiyasının iştirakına dəstək verilməsini xahiş edib.

N.Əliyev bildirib ki, AÇG bloku ehtiyatlarla bağlı böyük potensiala malikdir. Bundan başqa, yataqların istismarında irəli sürülən müasir şərtlər də hazırkı tərəfdaşlarla, xüsusilə də Yaponiya ilə uzunmüddətli müqavilənin imzalanmasınıi zəruriləşdirir. NQNK layihəsi ilə bağlı isə nazir deyib ki, 2032-ci ilə qədər Azərbaycanda bu sahənin tamamilə yeniləşdirilməsi nəzərdə tutulub. Yeni neft və qaz emalı zavodlarının müasir standartlara uyğun tikilməsində Yaponiyanın mühüm rolu ola bilər.

Görüşdə qarşılıqlı maraq doğuran bu və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi