Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin görüşü nəticəsiz başa çatıb.
“Report” xəbər verir ki, bu barədə “TASS”a iki mənbədən məlumat daxil olub.
Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb.
Görüşdən sonra yayılan rəsmi məlumatda neftin qiymətini sabit saxlamaq üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.
Öz növbəsində, OPEC + əməliyyatının icrasına nəzarət edən Nazirlər Komitəsi bazar şəraiti, neft hasilatı səviyyəsi və digər məsələlərin təhlilini davam etdirəcək, həmçinin ittifaq ölkələrinə tövsiyələr vermək səlahiyyətini özündə saxlayacaq.
Qeyd edək ki, görüşdən öncə OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Lakin, Rusiya bu təklifə qarşı çıxıb.