Bakı. 23 may. REPORT.AZ/ "Azərbaycanla Yunanıstan arasında enerji sahəsində ikitərəfli əlaqələr, əlbəttə, hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır".
Bunu "Report"a energetika üzrə ekspert, doktor Vassilios Sitaras bildirib.
Onun sözlərinə görə, bu əlaqələr 2020-ci ildə Cənub Qaz Dəhlizinin tam işə salınması ilə daha da möhkəmlənəcək.
O ticarət əlaqələrindən də danışaraq qeyd edib ki, 2017-ci ildə Azərbaycanın Avropa İttifaqına ixracı 13% azalıb, Yunanıstana ixracın həcmi isə 20% düşüb.
V.Sitaras onu da bildirib ki, ötən il Yunanıstan Azərbaycandan 160 mln. dollar məbləğində xam neft alıb: "2012-ci ildə bu rəqəm 830 mln.dollar təşkil edib. Neft alışına görə, ötən il Yunanıstan Avropa İttifaqı ölkələri arasında 8-ci yeri tutub. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan "Brent" növünə bənzər "Azeri Light" neft növünü satır, lakin Yunanıstanda mövcud olan dörd neft emalı zavodu daha çox "Urals" və İrandan ixrac olunan neftin ağır növlərini emal edir".