​Vaqif Əliyev: "SOCAR Türkiyədə investisiya qoymağa davam edəcək"

​Vaqif Əliyev: "SOCAR Türkiyədə investisiya qoymağa davam edəcək" "Hərbi çevriliş cəhdləri bütün demokratik ölkələr üçün qətiyyən qəbul edilməzdir"
Energetika
21 İyul , 2016 13:41
​Vaqif Əliyev: SOCAR Türkiyədə investisiya qoymağa davam edəcək

Bakı. 21 iyul. REPORT.AZ/ "SOCAR olaraq Türkiyədə həyata keçirdiyimiz ümumi dəyəri 18 mlrd. dollardan çox, arasında Avropanın enerji ehtiyacını qarşılayacaq sərmayələrin də olduğu layihələrimiz tərəddüdsüz və fasiləsiz bütün sürəti ilə davam edəcək".

"Report" xəbər verir ki, bunu "Anadolu" Agentliyinə müsahibəsində SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, "SOCAR Türkiye"nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.

Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinin "Türkiyədəki investisiya mühitini pozacağı" yönündəki iddialara qatılmayan və gələcəyə yönəlmiş planlardan danışan V.Əliyev qeyd edib ki, ötən həftə sonu baş verən çevriliş cəhdi və insanların həyatını itirməsi onu dərindən kədərləndirib.

V.Əliyev FETÖ-nün çevriliş cəhdindən sonra Türkiyə Cümhuriyyəti hökuməti və millətinin demokratik vəziyyəti və insanların həyatını qorumaq üçün iradəsini var gücü ilə ortaya qoyduğunu qeyd edib.

O, SOCAR-ın Türkiyədə birbaşa və dolayısı ilə 40 min nəfərlik ailəni təmsil etdiyinə diqqət çəkib. "Türkiyə bizim evimiz, vətənimizdir. SOCAR olaraq Türkiyədə həyata keçirdiyimiz ümumi dəyəri 18 mlrd. dollardan çox, arasında Avropanın enerji ehtiyacını qarşılayacaq sərmayələrin də olduğu layihələrimiz tərəddüdsüz və fasiləsiz bütün sürəti ilə davam edəcək" -, deyə SOCAR rəsmisi əlavə edib.

V.Əliyev, həmçinin qeyd edib ki, logistika sahəsində də Egey bölgəsinin ən böyük konteyner limanı SOCAR tərəfindən çox qısa müddət ərzində istifadəyə veriləcək: "Bütün bunlarla yanaşı, Türkiyənin yeganə neft-kimya istehsalçısı "Petkim"dəki fəaliyyətimiz də Türkiyəyə və onun iqtisadiyyatına etibarımızın simvoludur. Türkiyə hökumətinə, iqtisadiyyatının gücünə etibarımız tamdır. Bütün layihələrimizdə beynəlxalq nüfuzlu sərmayəçilərlə, qurumlarla və iş ortaqları ilə birlikdə çalışırıq. Bütün tərəfdaşlarımızın da bizimlə eyni fikirdə və qərarda olduğunu vurğulamaq istərdim. Hərbi çevriliş cəhdləri bütün demokratik ölkələr üçün qətiyyən qəbuledilməzdir".

O bildirib ki, Türkiyə hökuməti və milləti demokratik vəziyyəti və insanların həyatını qorumaq üçün iradəsi və bütün gücünü ortaya qoyub. "Bu, demokratiyaya sahib çıxan, dünyada qibtə edilən davranış bizim Türkiyədə olmaqdan duyduğumuz həyəcanı, burada bu investisiyaları həyata keçirməkdən duyduğumuz qüruru daha da möhkəmləndirib. "İki dövlət, bir millət" deyimiylə sərmayələrini davam etdirən bir şirkət olaraq indiyədək olduğu kimi gələcəkdə də Türkiyədəki investisyalarımız artaraq davam edəcək" -, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi