"Türkmənistan Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərini (TAPİ) canlandırmaq üçün səylər göstərir. Eyni zamanda, Transxəzər boru kəmərinin (TCP) tikintisi imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb".
"Report" xəbər verir ki, bunu enerji eksperti Brüs Panyer bildirib.
Ekspertin fikrincə, TAPİ-nin 25 il bundan əvvəl göründüyü kimi, reallaşması hələ də mümkün olmasa da, TCP və ya onun bəzi modifikasiyası, zəmanətli ödənişli müştərilər bazarı ilə yaxın gələcəkdə həyata keçirilə bilər.
TCP Türkmənistandan Xəzər dənizinin dibi ilə və Azərbaycanın boru kəmərləri şəbəkəsi ilə son nəticədə Avropaya təxminən 30 milyard kubmetr təbii qazın nəql etməyi hədəfləyir.
Layihə bir çox tərəflər, o cümlədən Cənub Qaz Dəhlizinin (CQD) bir hissəsi kimi həyata keçiriləcəyinə ümid edən Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənir.
B. Panyer hesab edir ki, Avropada rekord qaz qiymətləri və Aİ-nin Rusiyadan həddən artıq asılı olması qorxusunu nəzərə alaraq, “Şimal axını-2” tamamlandıqca, başqa bir təchizatçıdan tədarükün artırılması Aİ və Türkmənistan tərəfindən yaxşı fürsət kimi qiymətləndirilməlidir.
Cənub Qaz Dəhlizinin Türkiyə hissəsi olan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ötürücülük qabiliyyətinin illik təxminən 60 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur. Bununla da türkmən qazı belə genişlənmə üçün əlavə mənbələr verə bilər.
Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsi 2020-ci ilin sonunda tamamlanıb və Xəzər dənizinin Azərbaycan sektorunda yeləşən “Şahdəniz-2” yatağından hasil edilən qaz artıq TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Yunanıstan, Albaniya və İtaliyaya çatdırılır.
Türkmənistan qazını CQD-yə çatdırmaq üçün təqribən 300 kilometr uzunluğunda, təxmini dəyəri 5-8 milyard ABŞ dolları olan sualtı qaz kəməri çəkmək lazımdır.
ABŞ-ın “Trans Caspian Resources” şirkəti bu yaxınlarda daha kiçik həcmdə qazın nəqlini nəzərdə tutan variant təklif edib ki, lakin o, iki ilə tikilə bilər.
ABŞ-ın Türkmənistandakı keçmiş səfiri Alan Mustard bu yaxınlarda Türkmənistan Neft və Qaz Beynəlxalq Konfransında Xəzər interkonnektoru təklif edib. Bu kəmərlə illik təxminən 10-12 milyard kubmetr qaz nəql etmək mümkün ola bilər. Mövcud infrastrukturdan istifadə etməklə onun dəyəri cəmi 500-800 milyon ABŞ dolları təşkil edəcək.
Müəllif belə qənaətə gəlir ki, Türkmənistan böyük təbii qaz ehtiyatlarının mövcudluğunun ona açdığı imkanlardan istifadə etmək niyyətindədirsə, qərar qəbul etməli və daha sürətli hərəkət etməlidir.