“Tekfen”in Heydər Əliyev adına NEZ-də görəcəyi işlərin qiyməti açıqlandı

“Tekfen”in Heydər Əliyev adına NEZ-də görəcəyi işlərin qiyməti açıqlandı Neft Emalı Zavodunun təmir proqramı çərçivəsində zavodun gücünü ildə 6 milyon tondan 7,5 milyon tona çatdırılması planlaşdırılır
Energetika
17 Oktyabr , 2020 16:40
“Tekfen”in Heydər Əliyev adına NEZ-də görəcəyi işlərin qiyməti açıqlandı

Türkiyənin inşaat şirkəti “Tekfen Holdinq” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakıda yerləşən Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) təmir və modernləşdirilməsi üzrə 237 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Bu barədə “Report” “Tekfen” şirkətinin məlumatına əsasən xəbər verir.

Bildirilir ki, tenderlər NEZ-in əsas podratçısı “Tecnicas Reunidas” tərəfindən “Tekfen”in əsas tikinti qolu olan “Tekfen İnşaat” və “Tesisat A.Ş.”nin 40%-lik səhm paketinə sahib olduğu “Azfen” şirkətinə verilib.

Qeyd edək ki, Neft Emalı Zavodunda “Euro 5” yanacağının istehsalı 2021-ci ilin sonuna planlaşdırılır.

Heydər Əliyev adına Neft Emalı Zavodunun təmir proqramı çərçivəsində, birini istisna olmaqla bütün aqreqatların dəyişdirilməsi, bununla da zavodun gücünü ildə 6 milyon tondan 7,5 milyon tona çatdırılması planlaşdırılır.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda "Euro 5" standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 mln tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernizasiya işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standardlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi