Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılışı baş tutdu.
Ümumilikdə 4 gün davanm edəcək festival çərçivəsində müxtəlif müsabiqələr və yarışlar keçiriləcək. Həmçinin, “TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi ərazidə müxtəlif yerli və xarici şirkətlərin, dövlət qurumlarının stendləri və pavilyonları fəaliyyət göstərir.
Belə pavilyonlardan biri də Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin BP şikrəti ilə birgə olan ortaq pavilyondur.
Festivalın əhəmiyyəti və qurumun burada iştirakı ilə bağlı fikirləri “Report”a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev bölüşüb.
- Türkiyədən kənarda ilk dəfə ölkəmizdə təşkil edilən “TEKNOFEST Azərbaycan” festivalında hansı formada təmsil olunursunuz və gözləntiləriniz nədir?
- “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil edilən sərgidə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi BP şirkəti ilə birgə təşkil edilmiş stenddə çıxış edir. Bizim stendimiz istər bu sahədə olan günəş enerjisi əsaslı və kiçik güclü mobil tətbiqləri əyani nümunələrlə əhaliyə göstərməyə, onları maarifləndirməyə xidmət edir. Eyni zamanda stenddə mütəmadi olaraq bu mövzuda hazırlanmış videoroliklər nümayiş etdirilir. Bu videolarda ölkəmizdə bərpa olunan enerji ilə bağlı görülmüş işlər, bərpa olunan enerji texnologiyalarına dair nəzəri-praktiki məlumatlar əks olunur.
Onu da qeyd edim ki, biz bu stendi hibrid formatda qurmuşuq. Əyani texnologiyalarla bərabər, BP şirkəti və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən gün ərzində iki dəfə bərpa olunan enerji mənbələri, “agility” (çeviklik), texnologiyalar, aşağı karbon həlləri və s. bu kimi müxtəlif mövzularda təlimlər keçirilir. Artıq ilk təlim baş tutdu və böyük marağın şahidi olduq.
Bu stendin əsas məqsədi “TEKNOFEST” festivalının əsas məqsədi kimi gənclərin bu sahəyə, əsasən də “yaşıl texnologiya” və ətraf mühitin qorunması sahəsində marağının təşviqində onlara xidmət etməkdir.
- Artıq bir neçə saatdır festival başlayıb və ziyarətçilər stendləri izləyir. İlkin təəssüratlarınız necədir. Maraq varmı?
- İlk təəssürat olaraq onu deyə bilərəm ki, həqiqətən də əhalinin “yaşıl texnologiya”lar sahəsində maarifləndirilməsinə böyük ehtiyac var. Biz agentlik olaraq bu istiqamətdə gördüyümüz işləri daha da sürətləndirmək, gücləndirmək niyyətindəyik.
İnsanlar sərgiyə çox böyük bir maraq göstərir. Burada günəş enerjisi əsasında işləyən enerji doldurma cihazları, səyahət yaxud kamp zamanı lazım ola biləcək işqılandırma avadanlıqları və s. nümayiş etdiririk. Onların qiymətləri o qədər də baha deyil. Artıq əhali ilə “yaşıl texnologiya”lar üzrə ilkin əməkdaşlığımızı bu kimi tətbiqlərlə göstərə bilərik.
Bir məsələni də əlavə edim ki, bizim burada əyani şəkildə nümayiş etdirdiyimiz günəş kollektorları da kifayət qədər marağa səbəb olub. Hansı ki, həmin kollektorlar vasitəsi ilə günəş enerjisindən istifadə etməklə su qızdırmaq olar.
- Azərbaycan külək və günəş enerjisi istehsalı üçün əlverişli imkana malik ölkə kimi qiymətləndirilir. Azad edilmiş ərazilərimiz də bu cəhətdən unikal imkanlara malikdir. Həmin ərazidə külək elektrik stansiyasının qurulması üzrə işlər gedirdi. Bu istiqamətdə işlər hansı yerdədir?
- Bilirsiniz ki, BP şirkəti ilə Qarabağda 240 meqavatt gücündə külək elerktrik stansiyasının tikintisi üzrə müqavilə imzalanıb. İcra müqaviləsi çərçivəsində müvafiq təhlillər davam etdirilir, hesablamalar aparılır.
Bundan əlavə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış müqavilə orada sənaye həcmli külək və günəş stansiyalarının tikintisi üzrə də əməkdaşlığa başlanıb. Yaxın gələcəkdə də bu istiqamətdə növbəti addımlara dair qərarların qəbulu məsələsinə baxılacaq.
Biz həmçinin digər nəhəng enerji şirkətlərində də bu marağı görürük. Gələcəkdə başqa layihələr də həyata keçirilə bilər.
Hidrostansiyaların artıq 4-ü bərpa olunub, ərazinin təmizləmə işləri görülüb. Cari ildə 5 kiçik su elektrik stansiyasının bərpası nəzərdə tutulur. Növbəti illərdə özəl sektorun iştirakı ilə daha böyük sayda hidroelektrik stansiyalarının bərpasi nəzərimizdədir.
Eyni zamanda biz növbəti illərdə artıq əhalinin məskunlaşması fonunda artan enerji tələbatını qarşılamaqdan ötrü günəş, külək, hidroenerji potensialına əlavə olaraq geotermal enerjisindən istifadənin nəzərdən keçirilməsi üçün müvafiq araşdırmalar aparırıq.
- “Masdar” şirkəti həm də Xəzər dənizində külək enerjisi potensialını tədqiq etməli idi. Bu yaxınlarda da açıqlanan beynəlxalq hesabata görə də Xəzər dənizi külək enerjisi potensialına görə dünyada ikincidir. Bunu rəqəmə çevirsək Xəzərin potensialı necədir?
- Dünya Bankı tərəfindən aparılmış təhlillərə əsasən Xəzərin texniki potensialı 157 gigavatdır. Bu isə ölkədə olan cari qoyuluş gücündən dəfələrlə çoxdur. Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə bu potensialdan səmərəli istifadə istiqamətində yol xəritəsi artıq işlənib hazırlanıb. Eyni zamanda "ACWA Power" və "Masdar" şirkətləri ilə ayrı-ayrılıqda anlaşma memorandumu imzalanıb. Artıq müvafiq təhlillərin aparılması işlərini həyata keçiririk. Hazırda hansı ərazilərdə turbinlər quraşdırıla bilər və istehsal oluna biləcək elektrik enerjisi şəbəkəyə hansı yollarla inteqrasiya ediləcək, ixrac potensialı və s. bu kimi məsələlər araşdırılır. Eyni zamanda "yaşıl" hidrogen istehsalı və onun ixracı imkanları da təhlil edilir.
- Əvvəllər Azərbaycanda günəş panelləri istehsal edilirdi. Amma hazırda bu proses dayanıb. İstehsal prosesinə başlamağı düşünürsünüzmü?
- Hazırda bu istiqamətdə istehsal yoxdur. Amma gələcəkdə aktiv istehlakçıların dəstəklənməsi mexanizmi, qaydalar da tətbiq edildikdən fərdi ev təsərrüfatları tərəfindən 2-3-5 kVt gücündə günəş panellərindən istifadəyə imkan yaradılacaq və tələbat artıqdan sonra özəl sektor tərəfindən belə panellərin istehsalı perspektivinə baxıla bilər.
Bir məsələni də xatırlamaq istəyirəm ki, məhz azad edilmiş ərazilərdə "Yaşıl enejri zonası" konsepsiyası çərçivəsində müxtəlif yaşıl texnologiyaların istehsalı, yığılması və sazlanması xidmətlərinin yerli bacarıqlar vasitəsi ilə əldə olunması nəzərdə tutulub.