Azərbaycan təbii qazının Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) maraqlı olan şirkətlərin təkliflərinin birinci mərhələsinin nəticələrini yekunlaşdırdıqdan sonra qaz kəmərinin genişləndirilməsi üzrə işlərə başlandığını elan edib.
“Report” qaz boru kəmərinin layihə şirkətinə istinadən verdiyi məlumata görə, 2021-ci ildə keçirilən bazar sınaqları çərçivəsində təkliflərin birinci mərhələsi başa çatdıqdan sonra, 2026-cı ildən qüvvədə olacaq uzunmüddətli müqavilələr üzrə TAP-ın ötürmə gücünün ildə 1,2 milyard kubmetr genişləndirilməsi planlaşdırılır.
Bildirilir ki, TAP-ın ötürmə gücü mərhələlərlə artırıla bilər və nəticədə iki dəfə artaraq illik ən azı 20 milyard kubmetrə çata bilər.
Həmçinin, şirkət qeyd edir ki, bazar sınaq təkliflərinin ikinci mərhələsi 2023-cü il ərzində həyata keçiriləcək və maraqlı tərəflər öz təkliflərini təqdim edə bilərlər. Bu müntəzəm açıq mövsümlər bazar tələblərini tədricən sınaqdan keçirmək üçün qurulduğundan, TAP 2027-ci ilə qədər boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmağı hədəfləyir.
“Biz TAP-ın ötürücülük gücünün genişləndirilməsinə başlamaqdan məmnunuq və bu kəməri ötürücülük qabiliyyətini tədricən illik ən azı 20 milyard kubmetrə çatdırmaq mümkündür. Təkliflərin birinci mərhələsini başa çatdıraraq, biz ilin ikinci yarısında Avropada təchizat təhlükəsizliyini və bazarın likvidliyini artırmaq üçün ikinci mərhələyə başlamaq niyyətindəyik”, - deyə TAP AG konsorsiumunun icraçı direktoru Luka Şippati bildirib.
Onun sözlərinə görə, qaz kəmərinin ötürücülük qabiliyyətini genişləndirməklə yeni həcmdə hidrogen və digər bərpa olunan qazlar da nəql oluna bilər.
Ümumilikdə, TAP həm “RePowerEU” planı, həm də enerji sahəsində Avropa İttifaqı-Azərbaycan Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumu çərçivəsində öz rolunu bir daha təsdiqləyir. Buna əsasən, 2027-ci ilə qədər Avropa İittifaqını hər il ən azı 20 milyard kubmetr təbii qazla təmin etmək üçün Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyəti genişləndiriləcək.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.
TAP-ın səhmdarları rolunda BP (20 %), SOCAR (20 %), "Snam S.p.A." (20 %), "Fluxys" (19 %), "Enagas" (16 %) və "Axpo" (5 %) şirkətləri çıxış edir.