"Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə nəql edilən təbii qazın qiymətləri bir çox hallarda "al və ya ödə” müqavilələrində olduğu kimi, neftin qiymətinə bağlı deyil".
“Report”un məlumatına görə, bunu “Euractiv” nəşrinə müsahibəsində TAP Konsorsiumunun Xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov bildirib.
Onun sözlərinə görə, məsələn, İtaliyada bu, ölkənin qaz sistemini qidalandıran mövcud müqavilələrə münasibətdə fundamental bazar şərtlərindəki dəyişikliklərə daha böyük çeviklik və daha sürətli reaksiyanı təmin edə bilər: “Bununla da hələ də avropalı həmkarların nisbətən daha yüksək enerji qiymətləri ödəyən müəssisələrin daha sürətli bərpasına imkan yarada bilər”.
V.Veysəlov bildirib ki, 2013-cü ildə imzalanmış qaz nəqlinə dair müqaviləsinə uyğun olaraq və müvafiq tənzimləyici orqanlar tərəfindən verilən TPA (Üçüncü Şəxslərə Giriş) azadolma şərtlərinə əsasən, "Şahdəniz” yatağından hasil edilən təbii qaz TAP-ın ilkin illik ötürücülük gücü olan təxminən 10 milyard kubmetr təbii qaz nəql edən şirkətlərə ayrılıb: “TAP qısamüddətli sifariş üçün ilkin tutumun təqribən 5 faizini rezerv edib. Bu artıq sifariş edilmiş tutuma əlavədir. Qısamüddətli tutum 25 illik əməliyyat dövrü üçün ayrılıb”.
O qeyd edib ki, ENTSOG Auksion Təqviminə və TAP Şəbəkə Məcəlləsinə uyğun olaraq, TAP fəaliyyətə başlayandan sonra bazara mövcud qısamüddətli potensialın və ticarət əks nəqlin həcmini təqdim edəcək.
Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi - TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.
TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.