Azərbaycan təbii qazını Avropaya daşıyacaq Trans-Adriatik Boru Xətti (TAP) layihəsinin Albaniyanın Fier şəhərində inşa edilən kompressor stansiyasının tikintisi yekunlaşıb.
"Report" xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan "TAP AG" şirkətinin məlumatında qeyd olunub.
Məlumatda deyilir ki, Fier kompressor stansiyası TAP vasitəsilə qazın verilməsində əsas rol oynayır. İlkin mərhələdə sistemin gücü ildə təqribən 10 mlrd. kubmetr təbii qaz çatdıra bilər. TAP boru kəmərinin gücünün eyni infrastrukturdan əlavə sıxılma vasitələrinin istifadə edillmıəsi ilə ikiqat artırıla biləcəyi bildirilir.
Kompressor stansiyasının inşası 2017-ci ilin mart ayında başlanılıb.
Xatırladaq ki, TAP konsorsiumu artıq Yunanıstanın şərqindəki Kipoya yaxınlığında bir kompressor stansiyasını və Albaniyanın cənub-şərqindəki Bilişta yaxınlığındakı bir qazpaylama stansiyasının tikintisini tamamlayıb. Qaz kəməri konsorsiumunun məlumatına əsasən, TAP-ın inşasının 91%-i artıq yekunlaşıb.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.
2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.
Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın bu il nəql ediləcəyi gözlənilir.
TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.