“Hazırda Lerik rayonunun 163 kəndindən 142-də elektrik enerjisinin təchizatı var”. Bunu “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, bu gecədən başlayan güclü külək nəticəsində bəzi kəndlərdə insanlara, evlərə təhlükə yaranmaması üçün “Azərişıq” qısamüddətli elektrik enerjisinin verilişini dayandırıb:
“Rayonun bəzi dağ kəndlərində isə səhər saatlarında güclü küləyin yaratdığı kiçik qəzalar elektrik enerjisinin təchizatının dayanmasına səbəb olub. Görülən işlərin intensivliyini artırmaq və qəzaların nəticələrini tez aradan qaldırmaq üçün əraziyə Lənkərandan da briqada göndərilib. Əgər işlər istəyimizə uyğun gedərsə günortaya qədər bütün rayon ərazisində elektrik enerjisinin verilişi tam bərpa olunacaq”.
T.Mustafayev həmçinin Daşkəsən və Gədəbəy rayonları ərazisində də güclü küləyin bəzi xırda qəzalara səbəb olduğunu qeyd edib:
“Daşkəsən və Gədəbəy rayonlarında da indiyə qədər müşahidə olunmayan güclü olub. Bu da elektrik enerjisi infrastrukturuna təsir edib və bəzi kiçik qəzalara səbəb olub”.