TANAP-ın ötürücülük qabiliyyətinin artırılması planları açıqlanıb

TANAP-ın ötürücülük qabiliyyətinin artırılması planları açıqlanıb Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilkin mərhələdə 16 milyard kubmetr olacaq daşıma qabiliyyətinin sonrakı illərdə 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Energetika
23 Fevral , 2022 12:19
TANAP-ın ötürücülük qabiliyyətinin artırılması planları açıqlanıb

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilkin mərhələdə 16 milyard kubmetr olacaq daşıma qabiliyyətinin sonrakı illərdə 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır.

“Report”un məlumatına görə, bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, TANAP-ın ötürmə qabiliyyətini iki dəfə artıraraq 31 milyard kubmetrə çatdırmaq təxminən 4-5 il çəkəcək: “Son investisiya qərarı verildikdən sonra tender prosedurlarının və tikinti işlərinin aparılmasının vaxt aparacağını nəzərə alsaq, icra baxımından ildə 31 milyard kubmetrə qədər 4-5 il vaxt çəkə bilər”.

O bildirib ki, TANAP-ın ötürücülük qabiliyyəti əlavə kompressor stansiyalarının tikintisi hesabına genişləndirilə bilər: “Kəmərin daşıma qabiliyyətini 31 milyard kubmetrə yüksəldikdə, kompressor stansiyalarının sayı 7-yə çatdırılacaq. TANAP-ın ötürücülük qabiliyyətinin artırılması iki mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə kəmərin ötürücülük qabiliyyətinin illik 24 milyard kubmetrə, ikinci mərhələdə isə illik 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub”.

S. Düzyolun fikrincə, TANAP-ın ötürmə qabiliyyətinin genişləndirilməsi işi daha az vaxt apara və daha az investisiya tələb edə bilər.

Onun sözlərinə görə, TANAP istismara verildiyi tarixdən 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın ümumi həcmi 14,5 milyard kubmetrə, Avropaya verilən qazın həcmi 9 milyard kubmetrə çatıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

“Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın “mavi yanacağı” TANAP vasitəsilə Türkiyə bazarına, TAP vasitəsilə Avropa bazarına ötürülür. Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ümumilikdə ötürülmə gücü 31,5 milyard kubmetrə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi