TANAP-ın açılış mərasimi keçirilib - YENİLƏNİB

TANAP-ın açılış mərasimi keçirilib - YENİLƏNİB Eskişehir. 12 iyun. REPORT.AZ/ Eskişehirin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçirilib.
Energetika
12 İyun , 2018 20:04
TANAP-ın açılış mərasimi keçirilib - YENİLƏNİB

Eskişehir. 12 iyun. REPORT.AZ/ Eskişehirin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər.

SOCAR prezidenti və TANAP İdarə Heyətinin sədri Rövnəq Abdullayev çıxış edərək TANAP-ın Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayıb: “Türkiyəyə və qardaş ölkənin iqtisadiyyatına həmişə etibar etmişik. Bu gün açılışını həyata keçirdiyimiz TANAP bu güvənin arxasında dayanan dostluq vəəməkdaşlığımızın mühüm bir təzahürü kimi fəaliyyətə başlayır. Əminəm ki, TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək və hər iki ölkənin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək və ölkəni mühüm enerji mərkəzinə çevirəcək. Bu münasibətlə Türkiyə və Azərbaycan rəsmilərinə, layihənin inşasında səylə çalışan bütün əməkdaşlarımıza xüsusi təşəkkürümü bildirirəm”.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib ki, Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) qardaşlığa sərmayədir: "TANAP fəal enerji siyasətlərinin əksidir. Bu layihə maddi və xüsusilə mənəvi baxımdan dəyərlidir, 100 ilin layihəsidir. Bu həm də qardaşlığa sərmayədir. İki dövlət, bir millət deyimi sərhədləri aşır. TANAP iki ölkənin gələcəyə buraxacağı ən böyük mirasdır. TANAP enerji təhlükəsizliyinə böyük töhfə verəcək".

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bu gün TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə-Azərbaycan qardaşlığının növbəti zəfəridir. Əgər bu qardaşlıq olmasaydı, layihə kağız üzərində qala bilərdi. Bu layihə tarixi layihədir. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bölgəmizə sabitlik gətirir, xalqlara fayda verir. Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) enerji məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. TANAP nəhəng Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. İki həftə öncə Cənub Qaz Dəhlizinin açılışı həyata keçirilib. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP. Dörd layihənin 3-u yekunlaşıb. TAP-ın icra faizi 72%-dir. İnanıram ki, TAP da iki ilə yekunlaşacaq. Beləliklə, Avropanın ən böyük infrastruktur layihəsi icra olunmuş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycan qazı qısa yolla, təhlükəsiz yolla Avropaya çatdırılsın”.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı qeyd edib ki, TANAP Türkiyəyə və region ölkələrinə mühüm imkanlar bəxş edən, güc və potensialı yüksək bir layihədir: "Bu gözəl hadisənin Türkiyə və Azərbaycana və bütün insanlığa xeyirli olmasını arzulayıram. Türkiyənin coğrafi mövqeyi onu Şərqin zəngin ehtiyatlarını nəql edən ideal bir enerji mərkəzi halına gətirib. Bu məkan bəşəriyyətə xidmət edən bir əməkdaşlıq xəttinə çevrilib".

Serbiya Prezidenti Aleksandr Vuçiç vurğulayıb ki, TANAP mühüm layihədir: "Bu qaz boru kəmərini istifadəyə verməklə, ilk nöbbədə, Cənub-şərqi Avropada çox mühüm bir addım atmış oluruq. Eyni zamanda bu layihə Avropanın bu hissəsinin enerji təhlükəsizliyini təminat altına alır. Bütün bunlar bizim əməkdaşlığımızı dəstəkləyəcək. Serbiya bu cür layihələrə qoşulmağa böyük istək duyan bir ölkədir. TANAP regionun bütün ölkələrinin iqtisadiyyatına çox böyük töhfə verəcək".

Ukrayna Prezidenti Petro Poroşenko bildirib ki, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin işə düşməsi Azərbaycan, Türkiyə, Avropa İttifaqı ölkələri və Ukrayna üçün vacib bir məqamdır: "Cənub Qaz Dəhlizinin vacib bir hissəsi olan bu layihə iki böyük liderin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səylərini birləşdirməsi hesabına həyata keçirilib və bununla da Avropa İttifaqının enerji təhlükəsizliyi təmin olunub. Bu, Ukraynanın enerji daşıyıcılarının şaxələndirilməsi üçün də önəmlidir. Ukrayna bu layihəyə tam dəstək verir. Ölkəmiz bu layihədən yararlanmaq üçün addımlar atacaq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu gün bölgə və ölkə üçün tarixi bir addım atılır: "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik. Bu layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan, eləcə də şirkətlər arasında mövcud olan möhkəm əlaqələr, etibar sayəsində mümkün olub: “Bu nəhəng layihənin planlaşdırılan tarixdən öncə həyata keçirilməsində əməyi keçənləri təbrik edirəm. Prezident İlham Əliyevə göstərdiyi liderliyə görə təşəkkür edirəm". 


*** 18:43

Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak edirlər.

TANAP ümumi investisiya dəyəri 40 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.

TANAP Türkiyənin Gürcüstanla sərhəddində yerləşən Ardahan şəhərinin Posof rayonunun Türkgözü kəndindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

TANAP-ın təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsda qoyulub.

Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ildə Avropa üçün qazı qəbul etməyə hazır olacaq.

TANAP-ın dəyəri 8 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. 

Son xəbərlər

Orphus sistemi