Bakı. 11 noyabr. REPORT.AZ/ Rusiya və İranın Türkiyəyə qaz nəqlini dayandırmasını təhdid olaraq istifadə etməməsi üçün Trans-Anadolu boru kəmərinin (TANAP) Türkiyənin enerji təhlükəsizliyi üçün əhəmiyyəti daha da aktuallaşıb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun əməkdaşı, professor Mübariz Həsənov bildirib.
O, Türkiyənin TANAP və buna bənzər alternativ layihələrlə daha da güclənməsinin vacibliyini qeyd edib.
M.Həsənov Türkiyə və Rusiya arasında son zamanlar yaşanan siyasi fikir ayrılıqlarının qış ayları yaxınlaşarkən daha da ön plana çıxmağa başladığını və Türkiyənin Rusiya qazından ciddi şəkildə asılılığının bu fikir ayrılıqlarında hər zaman masaya gətirilərək önəmli gündəm maddəsi halına gəldiyini qeyd edib.
O xatırladıb ki, Türkiyənin elektrik enerjisi ehtiyacının 49%-i ölkədə istehsal olunur, təbii qazın isə 99%-i idxal olunur ki, bunun da 55%-i Rusiyanın payına düşür.
Ekspertin sözlərinə görə, Türkiyəyə neft və neft məhsullarının 16%-i, kömürün isə 17%-i Rusiyadan tədarük edilir: "Rusiyanın bəzi Avropa dövlətlərinə qaz tədarükünü dayandırmasının şahidi olmuşuq.Türkiyənin ikinci qaz tədarükçüsü olan İranın da keçmişdə Türkiyəyə qaz nəqlini dayandırması kimi xoş olmayan təcrübə yaşanıb".
Bu halda ekspert Türkiyənin üçüncü böyük tədarükçüsü olan Azərbaycanın təbii qazda Rusiyadan asılılığı azaltmağa namizəd olduğunu qeyd edib.
M.Həsənov qaz alqı-satqısı ilə bağlı sazişlərin bir çoxunun 2020-ci illərin ilk yarısında başa çatacağını, TANAP layihəsinin isə bu müddətə aid olmadığını bildirib.
"Türkiyə 2026-cı ildən sonra TANAP kəməri ilə ildə 21 mlrd. kubmetr qaz nəql etmə hüququna sahibdir. Bu da Türkiyənin illik istehlakının 30%-nin TANAP ilə ödəniləcəyi alnamına gəlir. Yəni, TANAP 2026-cı ildən sonra Türkiyənin ümumi istehlakının 30%-ni qarşılayacaq", - deyə ekspert əlavə edib.