Bakı. 6 fevral. REPORT.AZ/ Son zamanlar Azərbaycanda energetika sektorunda müəyyən canlanma yaranıb. Bu, bir tərəfdən həmin sahəyə yatırılan sərmayələrlə əlaqədar olsa da, digər tərəfdən iqtisadiyyatın şaxələnməsi üçün atılan addımlarla bağlıdır. Belə ki, 2015-ci il fevralın 10-da “Bakıelektrikşəbəkə” ASC-nin balansında “Azərişıq” ASC yaradılıb və “Azərenerji” ASC-nin paylama və satış funksiyaları da yeni yaradılan quruma ötürülüb. Bu isə dünya bazarında neftin qiymətinin aşağı düşməsindən sonra atılan ilk islahat xarakterli addımlardan biri idi.
Elektrik enerjisi istehsalı, onun paylanması və satışı ilə bağlı məsələlərin əhəmiyyətli və maraqlı ola biləcəyini nəzərə alaraq bir müddət əvvəl Energetika Nazirliyində “SMART market” (Elektroenergetika - islahatlar və intellektual bazar) adlı kitabının təqdimatı keçirilən mühəndis Tahir Cəfərovla söhbətləşdik. Qeyd edək ki, əvvəlki Sənaye və Energetika Nazirliyinin energetika şöbəsinin sabiq müdiri olan T.Cəfərov hazırda Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) baş energetikidir. "Azalternativenerji” MMC-nin baş energetikinin nəşr etdirdiyi bu kitab Azərbaycan dilində yazılmış ilk və tək kitabdır.
Müsahibəni təqdim edirik.
- Öncə kitabla bağlı danışmağınızı istərdik. Necə oldu, Azərbaycan dilində ilk belə bir kitabın yazılmasına və nəşrinə qərar verdiz?
- Ötən əsrin 90-cı illərinə qədər Avropada yeganə inhisarda qalan sahə elektroenergetika idi. Düşünürdülər ki, onun parçalanması və özəlləşdirilməsi dövlətin enerji təhlükəsizliyi üçün təhdid yarada bilər. Amma 90-cı illərdən başlayaraq bu sahədə də müəyyən hesablamalar aparmağa başladılar və müəyyən etdilər ki, islahatlar həmişə dövlət üçün böyük mənfəət gətirə bilər. Sonrakı illərdə MDB ölkələrində də bu addımları atmağa başladılar.
2006-cı ildə Azərbaycan Prezidenti Avropa İttifaqının (Aİ) və Avropa Komissiyasının prezidentləri ilə anlaşma memorandumu imzalayıb. O zaman, öhdəlik götürmüşdük ki, biz də energetika sahəsindəki qanunlarımızı Avropa qanunlarına yaxınlaşdıracağıq və islahatlar həyata keçirəcəyik. Bununla əlaqədar, tvinninq layihələri həyata keçirilirdi. Bu layihələr çərçivəsində Almaniya İqtisadiyyat və İnkişaf Nazirliyinin ekspertləri 2 il müddətində bizə seminarlar keçdilər. Dəfələrlə Almaniyaya səfər etdik və onların təcrübəsi ilə tanış olduq. Hökumət səviyyəsində də müəyyən analizlər aparıldı və müəyyən olundu ki, bu yolu keçmək lazımdır.
Sonuncu dəfə 2009-cu ildə qəbul edilmiş “2009/72 ES” saylı Avropa direktivi var. Biz də islahat üçün qeyd etdiyim Avropa direktivini qəbul edirik. Ərsəyə gələn bu kitab Azərbaycan dilində olan birinci kitabdır. Çünki islahatlarla əlaqədar Azərbaycan dilində ədəbiyyat yoxdur. Bu sahə üzrə çalışan iqtisadçıları, maliyyəçiləri, energetikləri bu sahə ilə tanış etmək üçün 10 illik təcrübəmizdən istifadə edib bu kitabı yazdım. Düşünürəm ki, gənc mütəxəssislərin yetişməsi üçün bir qədər yaşlı və təcrübəli mütəxəssislərin öz sözünü deməsi, yazması vacibdir.
- Siz 2006-cı ildə imzalanan anlaşma memorandumu ilə bağlı danışdız. Xatırlayıram ki, neft qiymətlərinin aşağı düşdüyü bir vaxtda – 2015-ci ildə həyata keçirilən ilk islahat tədbirləri “Azərişıq” ASC-nin yaradılması və “Azərenerji” ASC-nin paylama və satış funksiyalarının yeni yaradılan quruma həvalə edilməsi ilə başlamışdı. Maraqlıdır ki, bu sahədə Avropa tələbləri nədən ibarətdir və Azərbaycan bu tələblərə nə qədər əməl edə bilir?
- 2006-cı ildən danışdıq. Amma onu da qeyd edim ki, ölkə başçısı bundan da öncə - 2004-cü ildə bu islahatlarla bağlı müəyyən addımlar atmışdı. Yəni, şəbəkələr icarəyə verilmişdi. Bildiyiniz kimi, “Barmek” Bakı şəbəkəsini idarəçiliyə götürmüşdü. Digər tərəfdən “Bayva” və “Cənub Elektrik Şəbəkəsi” də var idi. Amma nəticə ürəkaçan olmadığına görə, bunlar hamısı ləğv olundu. Sonradan Prezident düzgün addım ataraq 2015-ci il fevralın 10-da bütün paylayıcı elektrik şəbəkələri vahid əldə - “Azərişıq”da cəmlədi. Amma 2004-cü ildə 9 ədəd kiçik su elektrik stansiyaları özəlləşməyə çıxarıldı. Onların da bir neçəsi alındı və özəl stansiyalar kimi fəaliyyət göstərir. Bunun da öz müsbət nəticələri var.
- Əgər islahatlar bu sürətlə davam etsə, təxminən neçə il lazımdır ki, Azərbaycan da qlobal şəbəkəyə qoşulsun?
- Biz islahatın müəyyən mərhələlərini təcrübə kimi keçmişik. Artıq qonşu dövlətlərdə gedən prosesləri də öyrənməliyik. Belə ki, energetika sistemində 4 subyekt əmələ gəlməlidir. Bunlardan birincisi elektrik enerjisinin istehsalıdır ki, hazırda 20-dən artıq iri stansiya var. İkincisi ötürmə şəbəkəsidir ki, buna dispetçer ötürücü sistemi deyilir. Yəni, sistem operatoru yaradılmalıdır. Növbəti, üçüncü - sistem paylayıcı şəbəkələrdir. Hansılar ki, “Azərişıq”da cəmlənib. Gələcəkdə “Azərişıq”da olan satışın da ayrılması və ayrıca satış treyderlərinin yaradılması prosesi getməlidir. Bütün bunların hamısından əlavə bazarın özü formalaşdırılmalıdır. Topdansatış bazarın da özünün qolları var. Bir də bazar mühitində satılan əmtəə var. Burada söhbət yalnız elektrik enerjisi deyil, elektrik gücü, servis xidmətlərindən gedir. Bütün bu idarəçilik üçün yaxşı elektron təchizat olmalıdır, informasiya ötürülməsi onlayn rejimində həyata keçirilməlidir. Əgər Azərbaycanda 3 000-5 000 böyük elektrik tələbatçıları varsa, 20-dən çox böyük elektrik stansiyaları varsa, bunların məhsulunun ümumi sistemdə alınıb satılması sayğaclar vasitəsi ilə reallaşdırılmalıdır. Vahid protokol olmalıdır ki, onu vahid terminalda uzlaşdırsın. Daha sonra isə həmin günün tarifi banka göndərilir və günün sonunda həmin stansiyalara və ya başqa xidmət sahələrinə ödənilir. Bu, çox mürəkkəb proseslərdir. Burada həm də tənzimləyici orqanın böyük rolu var. Hansı ki, ölkə başçısının müvafiq tapşırığı ilə tənzimləyici qurum da artıq yaradılıb. Əgər işlər intensiv aparılsa, 3 il ərzində Azərbaycan bu sahədə islahatlarını yekunlaşdıra bilər.
- Enerji sisteminin tənzimlənməsində Energetika Nazirliyinin rolu nədən ibarət olacaq? Siz ayrıca satış treyderlərinin yaranmasından da danışdız. Bir müddət öncə isə Azərbaycan Hesablama Palatası dövlət büdcəsinə yük olan qurumlarla bağlı məlumat açıqlamışdı. Bu qurumlar arasında “Azərenerji” ASC-nin də adı yer alıb. Necə düşünürsüz, bu prosesə özəl sektorun cəlb edilməsi yaxud “Azərenerji” ilə “Azərişığ”ın özəlləşdirməyə çıxarılması mümükündürmü?
- Əgər xalqa mənsub olan mülkiyyət səhmdar cəmiyyət kimi hansısa quruma həvalə olunursa, ondan elə istifadə edilməlidir ki, büdcəyə yük olmasın. Əksinə, büdcəyə gəlir gətirsin. Amma təəssüf olsun ki, bizdə istismar mədəniyyətinin aşağı olması, müəyyən xərclərin normalaşdırılmaması və başqa səbəblərdən belə hallar yaranır. Hazırda qazın hər 1 000 kubmetri “Azərenerji”yə 100-120 manata verilir. Elektrik enerjisi sosial məsələ olduğu üçün artıq bu güzəştlər “Azərenerji”yə edilib. Bunun qarşılığında yenə də subsidiyada oturmaq xoşagələn hal deyil.
Nazirlik əsas 3 funksiyanı həyata keçirir. Birincisi - energetika sektorunda siyasəti həyata keçirir. İkincisi - subyektlər arasında əmələ gələn müəyyən məsələlərin normativ-hüquqi və normativ-texniki sənədlərlə tənzimlənməsini həyata keçirir. Nazirlik həm də mülkiyyətin hansı dərəcədə effektli istismar edilməsinə nəzarəti öz üzərində saxlamalıdır. Nazirlikdə işləyən dövrdə də müəyyən qədər bu nəzarəti həyata keçirmişik. Amma görünür ki, istismara nəzarət lazımi qədər həyata keçirilmədiyindən bu vəziyyət “Azərenerji” sistemində və başqa energetika qurumlarında yaranıb. Mənə elə gəlir ki, Nazirliyin yeni rəhbərliyi tərəfindən çatışmazlıqlar aradan qaldırılacaq.
Özəl sektorun energetikaya cəlb edilməsi üçün ölkədə iqtisadi-texniki mühit yaradılmalıdır. Buna görə, qanunvericilik məsələləri var. Onu tənzimləyən isə Nazirlikdi. Artıq Nazirlik bu məsələləri nəzarətə götürüb. İnanıram ki, gələcəkdə pulu olan şirkət və fiziki şəxslər həm istehsal, həm satış, həm də servis xidmətləri sahələrinə investisiya qoyuluşuna cəlb ediləcək. Bura nəinki yerli, hətta xarici investorların da cəlbi gözlənilir. Çünki onlar da bəzi hesablamalar aparırlar. Məncə, gələcəkdə bu sahədə canlanma olacaq.
- Azərbaycanda Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) adlı qurum var. Hansı ki, su elektrik stansiyaları bu qurumun nəzarətindədir. Amma bəzi kiçik SES-lər də “Azərenerji”nin nəzarətindədir. Vaxtilə Nazirlikdə işləmiş və hazırda AREA-da çalışan bir alim kimi bunu necə izah edərsiz?
- "Elektrik stansiyaları haqqında" qanunda 50 kVt-10 MVt gücündə olan su elektrik stansiyaları kiçik SES sayılır. Bu da alternativ enerji mənbələri kimi göstərilir. Amma əslində, bu, düzgün deyil. Bu yaxınlarda yeni energetika naziri Pərviz Şahbazov həmin məsələni qaldırıb. Bəzi araşdırmalar aparılıb. Mən də bu görüşdə iştirak etdim. Nazirlik tərəfindən artıq düzgün yol tutulub. Nazir göstəriş verib ki, kiçik SES-lərin fəaliyyəti və effektivliyi ilə əlaqədar araşdırmalar aparılsın. Mənə elə gəlir ki, nəticəsini yaxın müddətdə özünüz görəcəksiz. Müsbət nəticə olacağına əminəm. Hesab edirəm ki, rəhbərlik səviyyəsində onların ya özəl sektora verilməsi, ya da daha effektli istismarı üçün addımların atılması üçün qərar veriləcək.
- Azərbaycanın neft gəlirlərinin yüksək olduğu dövrdə AREA yaradıldı. AREA-nın 2020-ci il üçün olan planları sırasında ümumi elektrik enerjisi istehsalında alternativ və bərpa olunan enerji mənbələrinin payını 20%-ə çatdırmaqdır. Bu gün həmin göstərici 7-8%-i ötmürsə, yaxın 2-3 ilə həmin 20%-ə çatmaq necə mümkün olacaq?
- Agentlik tərəfindən alternativ və bərpa olunan enerji mənbələrinin (günəş, külək) potensialı müəyyənləşdirilib. Agentlik yaranana qədər isə su potensialı müəyyən edilmişdi. 2020-ci ildə Azərbaycanın ümumi enerji istehsalında alternativ enerjinin payının 20%-ə çatacağına şübhə edirəm. Hesabatda da müəyyən məsələlər var. Belə ki, “Şəmkir”, “Mingəçevir”, “Yenikənd”, “Varvara” kimi böyük, güclü su elektrik stansiyalarının istehsalını götürüb alternativin üzərinə yazırıq. Ancaq onları alternativ saymaq olmaz. Əslində, onlar su anbarına malik olan böyük stansiyalardır. Alternativə o su elektrik stansiyasını aid etmək olar ki, o, düz axınlıdır, yəni, çayın məcrasından götürülən su işlədilərək yenidən məcraya axıdılır.
Burada digər məsələ də var. Bu yaxınlarda “Azərişıq” ASC-nin balansına verilən “Yeni Yaşma” 50 MVt-lıq külək elektrik stansiyası var. Onun yanında yeni, 48 MVt-lıq stansiyanın tikintisi planlaşdırılır. Əgər işlər bu sürətlə davam edərsə, ola bilsin ki, biz onu yerinə yetirə bilək.
- Bir ara dəniz dalğasından elektrik enerjisi almaqla bağlı iddialar, planlar var idi. Yəni, Xəzərdə belə böyük dalğalar var ki, ondan elektrik enerjisi almaq mümkün olsun?
- Bəli, var. Bildiyiniz kimi, Xəzər dənizi həmişə böyük külək regionunda yerləşir. Çünki, Şimali Qafqazda şimaldan gələn hava kütləsi müqavimətə rast gəldiyindən sıxılır və Abşeron yarımadası və dənizin qərb hissəsindən güclü küləklər əsir. Bu küləklər böyük dalğaların yaranmasına səbəb olur. Ona görə də Azərbaycanda hazırda ən böyük potensial küləkdir. Amma dalğa da var. Lakin dalğa elektrik stansiyaları o qədər də effektli deyil. Mən Ukrayna şirkətinin hazırladığı modeli görmüşəm. Onların verdiyi konstruksiya ilə həmin stansiyaların elektrik enerjisi istehsalındakı payı o qədər də yüksək ola bilməz. Burada küləklə bağlı hansısa yeni texnoloji addımlar atılmalıdır. Düzdür, dənizin altında axınlar, cərəyanlar var. İran mütəxəssisləri bundan 1 000 MVt-lıq elektrik stansiyalarının hazırlanmasında istifadə etmək istəyirlər.
- Vaxtilə Nazirlikdə çalışmısız, hazırda isə AREA-dasız. Maraqlıdır ki, Azərbaycanda bu sahəni inkişaf etdirmək istəyirik, amma hələ də tarif məsələsində Tarif Şurası ilə razılığa gələ bilməmisiz. Agentliklə Şuranın bölüşdürə bilmədiyi nədir?
- Energetika sistemində tarif məsələsi bizim ağrılı yerimizdi. Bizdə energetika müəssisələrində xərclərə nəzarət və onların normallaşdırılması prosesi aparılmalıdır. Xərclərə hansısa bir sədd qoyulmalıdır ki, sabah hökumət qarşısına çıxıb tariflərin artırılması ilə bağlı əlavə təkliflərlə çıxış etməsinlər. Artıq bazar iqtisadiyyatına keçəndə topdansatışda olan tarif azad bazar şəraitində formalaşacaq. Tələbatçılar istədikləri istehsalçıdan malı almaq səlahiyyətinə malikdir. Amma elektrik enerjisində belə deyil. Şaquli inteqrasiya olunmuş inhisarçı sistemdir. İstehsalı da, ötürməni də, paylamanı da, satışı da özü edir. Ona görə də Prezident tərəfindən tənzimləyici orqanın yaradılması böyük bir addımdır. Tənzimləyici orqan həm rəqabət bazarında, həm də təbii inhisar sektorunda artıq hər iki tarifə nəzarət edəcək. İstehsalçılar yeni texnologiyaların tətbiqi ilə əlaqədar elektrik enerjisinin tarifinin aşağı salınmasını öhdəlik götürürlər. Təbii inhisarçıların xərcləri hər il tənzimləyici tərəfindən yoxlanılacaq və onların azaldılması üçün işlər görüləcək.
- Bəs tariflərin differensiallaşdırılması ilə bağlı hansı addımların atılması mümkündür?
- Elektrik stansiyalarında müəyyən bir güc var. Həmin güc pik saatlarda maksimum yüklənir, gecə saatlarında isə azalır. Bu stansiyaların ərsəyə gəlməsi üçün əsaslı vəsait xərclənir. Bu vəsaitin daha tez geri qayıtması üçün həmin stansiyaların həmişə artıq yüklənməsi, çox məhsul istehsal etməsi lazımdır. Amma bizdə gecə saatlarında elektrik enerjisinə olan tələbat 2,5 dəfəyə qədər aşağı düşür, stansiyalar dayanır. Əgər differensial tariflər sistemi tətbiq edilsə, gecə saatlarında qiymətlər 3 dəfə ucuz olsa və həmin vaxt üçün istifadə artsa, bu, böyük rəqəm edir. Misal üçün, hazırda bizdə 2 mln.-a yaxın məişət abunəçisi var. Əgər gecə saatlarında 2 mln. paltaryuyan maşın işləsə və hərəsi 2 kVt elektrik enerjisi istehlak etsə, görün bu, nə qədər vəsait edir?
Təbii ki, differensial tariflər sistemini siyasi orqan – Energetika Nazirliyi müəyyən edir. Onun üçün hesablamalar aparılmalıdır ki, faktiki sutkalıq yük qrafikimiz necədir və onu necə optimallaşdıra bilərik. Bunun üçün həm də evlərdə və müəssisələrdə olan sayğaclar differensial tarifləri hesablamalıdır.