Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Snam” şirkəti hidrogenin boru kəməri ilə nəqli ilə bağlı birgə tədqiqat aparacaqlar.
“Report”un İtaliya mətbuata istinadən verdiyi məlumata görə, bunu TAP-ın İcraçı direktoru Luka Şippati (Luca Schieppati) bildirib.
Onun sözlərinə görə, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Konsorsiumu kəmərlə hidrogenin nəqli üçün texniki-iqtisadi əsaslandırmanın hazırlamağı planlaşdırır.
“Biz hidrogenə diqqət yetirilməsi lazım olan yeni mərhələ biri kimi baxırıq. Bu səbəbdən, təbii qazdakı hidrogenin neçə faizinin infrastrukturumuz vasitəsilə nəql olunacağını yoxlamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlayacağıq”, - Şippati qeyd edib.
TAP-ın İcraçı direktoru bildirib ki, SOCAR və “Snam” şirkətləri hidrogenlə boru kəməri nəqli sahəsində birgə tədqiqatlar aparacaqlar: “Cənub Qaz Dəhlizinin hər iki əks tərəflərində hidrogen mövzusuna çox diqqət yetirilir. Xüsusilə, bir neçə ay əvvəl SOCAR və “Snam” bu sahədə birgə tədqiqat və təcrübələr, xüsusən metan və hidrogen qarışığı və onların daşınması barədə bir memorandum imzalayıblar. Biz bundan konkret nə alınacağını görəcəyik, amma aydın olanı budur ki, TAP hidrogenə xüsusi diqqət ayırır”.
O həmçinin qeyd edib ki, TAP-ın kommersiya əməliyyatlarına başlaması Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatdığını göstərir: “TAP-ın tikintisinin tamamlanması, eyni zamanda İtaliyadan Avropanın sənaye və iqtisadi mərkəzlərinə (Almaniya, Fransa və s.) qaz tədarükünün təşkili üçün kommersiya və texniki bir fürsət yaradır".
O vurğulayıb ki, TAP qaz kəməri gələcəkdə nəql ediləcək qaz həcmlərinin iki dəfə artırılması ilə dizayn edilib: “Bu, gələcəkdə əlavə olaraq Yunanıstan və Albaniyada iki kompressor stansiyasının inşası sayəsində həyata keçiriləcək”.
Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi - TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.
TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.