Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin noyabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 169 661 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 2 dəfə çoxdur.
Ümumilikdə, yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 270 108 ton xam neft ixrac edilib. Bu həcm isə ötən ilin müvafiq dövründən 36% artıqdır.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Azərbaycan nefti Qara dəniz limanına Bakı-Novorossiysk boru kəməri vasitəsilə Rusiya ərazisindən keçməklə nəql olunur. Bu kəmərin ümumi uzunluğu 1 330 km-dir və kəmərlə ilk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.