SOCAR İzmirdəki neft emalı müəssisəsinin inkişaf planını açıqladı
- 01 dekabr, 2021
- 13:12
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdəki “SOCAR Turkey Aegean Refinery” (STAR) Neft Emalı Zavodunun illik istehsal gücü 2024-cü ildən sonrakı dövrdə 11,5 milyon tonadək artırmaq nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu Əliağa qəsəbəsində azərbaycanlı jurnalistlər üçün keçirilən təqdimatda “SOCAR Turkey Neft emali ve neft-kimya is Birliyi"nin (SOCAR Turkey Refining and Petrochemical Business Unit) prezidenti və “Petkim” şirkətinin baş direktoru Anar Məmmədov bildirib.
Onun sözlərinə görə, müəssisə 2024-cü ildə planlı təmir üçün fəaliyyətini dayandıracaq, təmir müddətində bəzi nöqsanlar aradan qaldırılacaq: “Həmçinin əlavə olaraq lazımi avadanlıqlar da gətirilərək quraşdırılacaq ki, nəticədə 2024-cü ildən sonrakı dövrdə müəssisənin istehsal gücü (ilkin səviyyəyə nisbətən) 115 % həddinə çatdırılacaq. Bu, böyük xərc tələb etməyəcək. Biz Türkiyənin tənzimləyici orqanlarına ünvanladığımız müraciətdə NEZ-in gücünün maksimum artırılma səviyyəsinin 13 milyon tona qədər olduğunu göstərmişik, lakin bu o demək deyil ki, zavodun gücünü bu göstəriciyə çatdırmaq niyyətindəyik. Gələcəkdə bu, məqsədəuyğun hesab olunarsa, mümkündür. İldə 11,5 milyon tona qədər artım isə tamamilə real hədəfdir".
A.Məmmədov bunun üçün nəzərdə tutulan investisiyaların həcmini açıqlamayıb.
Xatırladaq ki, təməli 2011-ci ilin 5 oktyabr günü atılmış “STAR” neftayırma müəssisəsinin açılışı 2018-ci ilin 19 oktyabr tarixində keçirilib. Türkiyədə strateji sərmayələri dəstəkləyən Yatırım Təşviq Bəlgəsinin ilkinə sahib olan müəssisənin illik gücü ilkin dövrdə 10 milyon ton olub, cari ildə isə 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light”, “Kirkuk” neft markalarını emal edərək ildə 1,6 milyon ton liqroin, 4,8 milyon ton dizel yanacağı, habelə təyyarə yanacağı, LPG, neft koksu, qarışıq ksilol istehsal edir.