SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil ediləcək

SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil ediləcək Düşərgə iyunun 19-dan iyulun 3-dək olacaq
Energetika
28 Aprel , 2016 17:01
SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil ediləcək

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işçilərinin 13-14 yaşlı övladları üçün “Uniper” (keçmiş E.ON) şirkətinin dəstəyi ilə iyunun 19-dan iyulun 3-dək Almaniyada növbəti yay düşərgəsi təşkil olunacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, düşərgəyə iştirakçıların seçilməsi məqsədilə aprelin 27-də İnsan Resursları Departamentində test imtahanı təşkil olunub. Xüsusi kompüter proqramından istifadə etməklə keçirilən test imtahanında şagirdlərə Təhsil Nazirliyinin orta ümumtəhsil məktəbləri üzrə təsdiq etdiyi fənn və tədris proqramlarına uyğun olaraq 7 fənn üzrə 35 test tapşırığı təqdim edilib. 38 nəfərin iştirak etdiyi imtahanda sualların cavablandırılmasına 90 dəqiqə vaxt ayrılıb.Test imtahanının gedişini valideynlər İRD-nin girişində quraşdırılan monitorda canlı izləyiblər. Test nəticələri imtahan bitdikdən dərhal sonra elektron və kağız formatında valideynlərə təqdim edilib.

Qeyd edək ki, 2013-cü il sentyabrın 19-da SOCAR və “Uniper” şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanması ilə iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlər genişlənib. Müqaviləyə əsasən, hər iki şirkətin əməkdaşlarının övladları üçün Azərbaycanın və Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri təşkil olunur. 2014 və 2015-ci illərdə Almaniyanın Düsseldorf şəhərində SOCAR əməkdaşlarının uşaqları üçün 15 günlük yay düşərgəsi təşkil olunub. 2015-ci ilin iyul-avqust aylarında Almaniyanın “Uniper” şirkətinin əməkdaşlarının uşaqları da Azərbaycana gələrək yay düşərgəsinin iştirakçısı olublar. Almaniyalı uşaqlar Şirvanşahlar sarayına, Qız Qalasına, Qobustan qoruğuna, Atəşgah məbədinə, yeni Olimpiya stadionuna, Kristal saraya baş çəkib, Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz şəhərlərinə səfər ediblər. 

Son xəbərlər

Orphus sistemi