SOCAR-ın nümayəndə heyəti beynəlxalq COP26 tədbirində iştirak edib

SOCAR-ın nümayəndə heyəti beynəlxalq COP26 tədbirində iştirak edib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti beynəlxalq COP26 tədbirində iştirak edib.
Energetika
15 Noyabr , 2021 15:58
SOCAR-ın nümayəndə heyəti beynəlxalq COP26 tədbirində iştirak edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti beynəlxalq COP26 tədbirində iştirak edib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, Qlazqo şəhərində keçirilən ənənəvi COP26 (Conference of the Parties - COP) konfransında SOCAR-ı ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Bir sıra dövlət rəhbərlərinin, nazirlərin, nüfuzlu elm ocaqlarının, akademiya və institutların, habelə nəhənq şirkət rəhbərlərinin qatıldığı tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində dünyanın “Sıfır karbon emissiyası” (NetZero) hədəfinə çatması mövzusunda keçirilən müzakirələr aparılıb.

R. Hüseynzadə müzakirələrdə iştirak edib, atmosfer emissiyalarının sıfra endirilməsi istiqamətində SOCAR-da görülən uğurlu işlərin əhəmiyyətindən söz açıb. O qeyd edib ki, SOCAR-ın ekologiya sahəsində əsas məqsədlərindən biri dünyada NetZero hədəflərinə çatan ilk şirkətlərdən olmaqdır. Artıq əsas struktur vahidləri üzrə həyata keçirdiyi hasilatda səmt qazı atqılarını 2 %-ə endirməyə nail olmuş SOCAR, 2022-ci ildə bu göstəricini sıfra endirməyi qarşısına məqsəd qoyub. Bu gün şirkət tərəfindən təhvil verilən 6 milyard m3 qazın 2 milyard m3-lik həcmi səmt qazının tutulması hesabına əmələ gəlir.

Konfrans çərçivəsində Şotlandiya hökumətinin üzvlərinin, Şotlandiyanın “NetZero”, energetika və nəqliyyat məsələləri üzrə naziri Maykl Metisonun, hökumətin “Hidrogen siyasəti” üzrə rəhbəri Stüard Makkeyin, Aberdin şəhər şurasının başçısı Riçard Svitnamın, hidrogen enerjisi ilə məşğul olan şirkətlərin icraçı direktorlarının, həmçinin, beynəlxalq neft-qaz şirkətləri rəhbərlərinin iştirakı ilə təşkil edilmiş “Hidrogen günü” tədbirinə qoşulan R. Hüseynzadə hidrogen enerjisinin geniş tətbiqinin iqlim dəyişmələrinə təsirlərin azaldılmasına töhfə verəcəyini qeyd edib.

Səfər çərçivəsində R.Hüseynzadə bp-nin Region və şəhər dekorbanizasiyası üzrə vitse-prezidenti Andres Guevara De la Vega, bp-nin vitse-prezidenti Nigel Dunn, “Hydrogen, Howden Group” un qlobal direktoru Salah Mahdi ilə görüşərək konfransın mövzuları üzrə geniş fikir mübadiləsi aparmışdır. bp-nin Region və şəhər dekorbanizasiyası üzrə vitse-prezidenti Andres Guevara De la Vega ilə bu sahədə növbəti görüşün Bakıda keçirilməsi və birgə fəaliyyətin dərinləşdirilməsi haqqında razılıq əldə olunub.

COP konfransı (“Tərəflərin Konfransı”-Conference of the Parties - COP) BMT-nin 1994-cü ildə qüvvəyə minmiş İqlim Dəyişmələri üzrə Konvensiyası çərçivəsində ənənəvi olaraq hər il keçirilir.

Son xəbərlər

Orphus sistemi