SOCAR-ın idarəçiliyinə keçdikdən sonra "Petkim"in xalis mənfəəti 9,2 dəfə artıb

SOCAR-ın idarəçiliyinə keçdikdən sonra "Petkim"in xalis mənfəəti 9,2 dəfə artıb Ötən il aparılmış optimallaşdırma tədbirləri nəticəsində 50 mln. dollara yaxın vəsaitə qənaət edilib
Energetika
30 Mart , 2018 20:27
SOCAR-ın idarəçiliyinə keçdikdən sonra Petkimin xalis mənfəəti 9,2 dəfə artıb

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Türkiyəyə səfəri çərçivəsində bu gün şirkətin Əliağada həyata keçirdiyi layihələrin gedişi ilə tanış olmaq məqsədi ilə “Petkim” neft-kimya kompleksinə, eləcə də cari ilin sentyabrında istismara veriləcək STAR neft emalı zavoduna baş çəkib.

“Report” xəbər verir ki, SOCAR-ın Əliağadakı bütün törəmə şirkətlərinin ümumi idarəetmə binasına gələn şirkət rəhbərliyi binaya baxışdan sonra burada Türkiyədəki aktivlərinin cari vəziyyəti və gələcək planları ilə bağlı müşavirə keçirib. 

Qeyd olunub ki, ötən il “Petkim” üzrə istehsal prosesləri, tədarük zənciri və digər sahələrdə aparılmış optimallaşdırma tədbirləri nəticəsində 48 mln. dollar vəsaitə qənaət edilib. 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra 2017-ci ilin sonuna kimi “Petkim” şirkətinin xalis mənfəəti 9,2 dəfə, bu şirkətin səhmlərinin dəyəri isə 8,7 dəfə artıb.

Müşavirədə SOCAR rəhbərliyinə məruzə olunub ki, dəyər zənciri üzrə “Petkim”lə sinerji təşkil edəcək STAR NEZ-də artıq tikinti işlərinin 99% yekunlaşdırılıb. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 mln. ton həcmində nəzərdə tutulur. STAR zavodunda illik 4,8 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 1,6 mln. ton nafta və həmçinin mayeləşdirilmiş təbii qaz, qarışıq ksilen, HRON, neft koksu və kükürd kimi əsas məhsullar istehsal olunacaq. Zavodun məhsullarının böyük qismi, o cümlədən nafta “Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq. Ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. Cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq. 

SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, STAR zavodu SOCAR-ın tərkibində neft-kimya kompleksi olan “Petkim”lə sinerji təşkil edəcək, “Petkim”i onun əsas xammalı olan nafta ilə təmin edəcək: "STAR zavodunun yanacaq məhsulları isə nəhəng potensiala malik olan Türkiyə bazarında reallaşdırılacaq. Beləliklə, Azərbaycana əlavə gəlir qazandırmaqla yanaşı, STAR NEZ-in fəaliyyəti həm də qardaş ölkədə yeni iş yerləri yaradacaq, idxalatın bir qismini daxili istehsalatla əvəzləyəcək”. 

Xatırladaq ki, SOCAR 2008-ci ildə Türkiyənin “Petkim” neft-kimya kompleksinin səhmlərinin 51 faizlik nəzarət paketinə sahib olub. “Petkim”in dəyər zəncirinin təkmilləşdirilməsi məqsədi ilə inşa edilən STAR neft emalı zavodu SOCAR-ın yeni strateji inkişaf kursunda mühüm yer tutan bir layihə olaraq şirkətin emal və kimya aktivlərinin şaxələndirilməsinə mühüm töhfə verəcək. 

Cari ildə SOCAR kimya sənayesi sahəsində 3 zavodun istismara verilməsini planlaşdırır. Azərbaycanda istifadəyə veriləcək “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodları ölkəmizdə SOCAR-ın digər müəssisələri ilə inteqrasiya ediləcək. Türkiyədə reallaşdırılan STAR layihəsi isə “Petkim” kompleksi ilə inteqrasiya ediləcək.

Son xəbərlər

Orphus sistemi