Yuxarı

SOCAR I yarımillikdə 1,3 mlrd. kubmetr səmt qazı alıb

SOCAR-a verilən səmt qazının həcmi ötən ilin müvafiq dövründən 38% az olub

Bakı. 22 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 7,2 mln. kubmetr, ümumilikdə isə 1,31 mlrd. kubmetr səmt qazı verilib.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.

Hesabat dövründə SOCAR-a verilən səmt qazının həcmi ötən ilin müvafiq dövründən 37,6% az olub: "Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub".

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir.

AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) iştirak payına malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi