“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2006-cı ildən Gürcüstanda mövcuddur və ölkənin enerji təhlükəsizliyinə böyük töhfələr verir”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
“Tbilisidə bu gün keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda çıxış edən natiqlərin şirkətin Gürcüstan iqtisadiyyatındakı böyük rolunu qeyd etmələri qürurvericidir”, - deyə “SOCAR Energy Georgia”nın Baş direktoru bildirib.
M.Məmmədovun sözlərinə görə, Azərbaycan-Gürcüstan əlaqələri böyük uğurlu tarixə malikdir: “Bu münasibətlər ilk növbədə dövlətlər və xalqlar arasındakı dostluq və qardaşlıq münasibətlərinə əsaslanır. Azərbaycan və Gürcüstan arasında iqtisadi, sosial və mədəni əlaqələr güclüdür. Ümid edirəm ki, bu münasibətlər gündən-günə daha da möhkəmlənəcək. Bugünkü biznes forumun ölkələr arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcəyinə inanıram”.