SOCAR fermer təsərrüfatlarının dəstəklənməsi üçün yeni layihəyə başlayıb

SOCAR fermer təsərrüfatlarının dəstəklənməsi üçün yeni layihəyə başlayıb Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə tərəfdaşları ilə birlikdə daha bir sosial layihəyə start verib.
Energetika
3 Avqust , 2021 09:57
SOCAR fermer təsərrüfatlarının dəstəklənməsi üçün yeni layihəyə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə tərəfdaşları ilə birlikdə daha bir sosial layihəyə start verib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, “ProFarms” adlanan layihə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq boru kəməri boyunca yaşayan kənd sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və kiçik sahibkarlıq ekosisteminin inkişafının təmin edilməsi məqsədi daşıyır. Layihə çərçivəsində şəhid ailələrinə, Vətən müharibəsi veteranlarına, yerli aztəminatlı ailələrə, təqaüdçü və ehtiyatda olan hərbçilərə müxtəlif növlü yardımların göstərilməsi nəzərdə tutulur. 2023-cü ilin fevral ayına kimi davam edəcək layihə Kürdəmir, Ağdaş, Ucar və Yevlax rayonlarında yerləşən 20 kəndi və 200 fərdi fermer təsərrüfatını əhatə edəcək. “Profarms” layihəsi çərçivəsində dəstəklənəcək kəndli fermerlərin 50%-ini qadınlar təşkil edir.

Layihənin hədəflərinə nail olmaq üçün aşağıdakı xidmətlər göstəriləcək:

• arıçılıq və istixana təsərrüfatları üzrə peşə təlimlərinin təşkili;

• 100 ailə üçün hər birinin sahəsi 100 m2 olan istixanaların quraşdırılması;

• 100 ailənin hər birinə 10 arı ailəsi və arı pətəklərinin, müvafiq arıçılıq alətləri dəstinin paylanması;

• layihəyə seçilmiş şəxslərin bizneslərini uğurlu planlaması və idarə etməsinə dəstək olmaq üçün maliyyə savadlılığı və biznesin idarə edilməsi mövzularında təlimlərin təşkili;

• seçilmiş bölgələrdə bal istehsalının artmasına dəstək olmaq üçün 30000 bol nektar istehsal edən meyvə ağaclarının və giləmeyvə kollarının əkilməsi;

• arıçılıq, istixana əkini, biznes planlaması və idarəetməsi ilə əlaqədar müddətli məsləhət və mentorluq xidmətinin təşkili;

• layihə haqqında informasiya kampaniyasının və layihədən faydalanacaq şəxslərin seçim prosesinin təşkili.

2003-cü ildən etibarən Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətində iştirak payına malik olan tərəfdaş şirkətlərin maliyyə dəstəyi ilə kənd təsərrüfatının inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirilib.

CQBK layihəsində iştirakçıların pay bölgüsü hazırda belədir: SOCAR (10%), Cənub Qaz Dəhlizi şirkəti (6,67%), bp (28,83%), TPAO (19%), Petronas (15,5%), Lukoil (10%), NİCO (10%).

Son xəbərlər

Orphus sistemi