Yuxarı

SOCAR AQŞ daha bir quyuda qazma işlərini başa çatdırıb

SOCAR AQŞ daha bir quyuda qazma işlərini başa çatdırıb

SOCAR AQŞ 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 796 m olan 17 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. 

"Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi, bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək", - deyə məlumatda qeyd olunub. 

Sifarişçi SOCAR-ın "Azneft" İstehsalat Birliyidir.

SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. 

Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘"Günəşli" ’yatağında yerləşən 7 və 11 saylı, "Qərbi Abşeron" yatağının 10 saylı, "’Ümid" yatağının 1 saylı və "Bulla" yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır. 

Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. 

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.

Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi