SOCAR 7 541 nəfəri müvəqqəti işlə təmin edib

SOCAR 7 541 nəfəri müvəqqəti işlə təmin edib Onların 941-i Alyans, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin payına düşüb
Energetika
2 Mart , 2016 17:57
SOCAR 7 541 nəfəri müvəqqəti işlə təmin edib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Prezidentinin tapşırığına əsasən, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) və onun birgə müəssisələrində 7 541 nəfər müvəqqəti işlə təmin olunub. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlət başçısının regionlarda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi üçün işsiz vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması ilə bağlı tapşırığının icrası ilə əlaqədar Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR-da da məqsədyönlü iş aparılır: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə respublikanın bütün ərazisini əhatə edən bu genişmiqyaslı layihə uğurla həyata keçirilir. Regionlarda yaranmış əlavə iş həcmləri araşdırılıb, həmin işlərin icra olunması ilə bağlı işçi sayı müəyyənləşdirilib və müddətli vakansiyaların rayonlar üzrə bölgüsü nazirliyə təqdim olunub. Layihə çərçivəsində işə qəbul edilənlərlə müqavilə nazirliyin regionlardakı Məşğulluq xidmətlərinin göndərişləri əsasında həyata keçirilir".

Qeyd olunub ki, vakansiyalar əsasən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, Qaz İxrac və Nəqliyyat idarələrini, eləcə də Şirkətin təsisçiliyi ilə yaradılmış Alyansları, Birgə Müəssisələri və Əməliyyat Şirkətlərini əhatə edib: "Cari ilin martın 1-dək SOCAR üzrə ümumilikdə 7 541 nəfər, o cümlədən “Azəriqaz” üzrə 5 357, Qaz İxrac İdarəsi üzrə 960, Nəqliyyat İdarəsi üzrə isə 283 nəfər müvəqqəti işlə təmin olunub. SOCAR üzrə ümumi işlə təmin olunanların 941 nəfəri Alyans, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin payına düşüb. Demək olar ki, ölkənin bütün rayon və şəhərlərini əhatə edən bu işəgötürmə kampaniyası zamanı Qaradağ (432 nəfər), Gəncə (269 nəfər), Şəmkir (250 nəfər), Masallı (237 nəfər), Lənkəran (235 nəfər), Salyan (225 nəfər), Bərdə (221 nəfər), Cəlilabad (221 nəfər) iş həcmləri və qəbul edilən müvəqqəti işçilərin sayı baxımından daha çox fərqlənib". 

"Ölkə iqtisadiyyatının dinamik inkişafına daim mühüm töhfələr verən SOCAR bundan sonra da əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni-yeni iş yerlərinin açılması istiqamətində fəaliyyətini davam etdirəcək", - deyə şirkətdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi