Sibirin ən böyük neft-kimya şirkəti olan "Titan" Azərbaycanla bərpa olunan xammal emalı sahəsində birgə müəssisə yaratmaq imkanlarını nəzərdən keçirir.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Titan" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədri Mixail Sutyaqinsky məlumat verib.
Onun sözlərinə görə, şirkət plyonka məhsullarına emal edildikdə ilkin göstəriciləri itirmədən keyfiyyəti üç aya qədər qorumağa imkan verən polimer istehsalı sahəsində işləyir, eyni zamanda biotexnologiya sahəsini də inkişaf etdirir.
“Bu gün ekologiya məsələsi çox aktuallaşır və bərpa olunan xammal emalı, biotexnologiya sahəsində işləməyimiz bizə ekologiya sahəsindəki vəziyyəti kökündən yaxşılaşdırmağa imkan verir. Azərbaycanla gələcək əməkdaşlıq məhz bu istiqamətdə inkişaf edəcək. Bu gün söhbət münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün faydalı olacaq dəstək tədbirlərindən getdi”, - M.Sutyaqinsky deyib.
Bundan əlavə, "Titan" Şirkətlər Qrupunun direktoru vurğulayıb ki, yalnız tədarükçülər və alıcılara yox, həm də maliyyə dəstəyi və bazarın təmin edilməsi imkanlarını özündə cəmləşdirən müştərək müəssisələrin yaradılması sahəsində də dəstək veriləcək. "Müştərək müəssisə yaratmaq planının olduğu şirkətlər bir neçədir", - o bildirib.
Qeyd edək ki, bu gün "Titan" Şirkətlər Qrupu "Omsk kauçuku" ASC, "Novoçerkask sürtkü yağları materialları zavodu" MMC, "Titan-Aqro" MMC və bir sıra digər aqrar sənaye, nəqliyyat və tikinti aktivlərini birləşdirir.