Serbiya Azərbaycandan təbii qaz və hidrogenin idxalında maraqlıdır

Energetika
  • 06 may, 2022
  • 16:02
Serbiya Azərbaycandan təbii qaz və hidrogenin idxalında maraqlıdır

Bolqarıstan – Serbiya İnterkonnektorunun (Interconnektor Bulgaria – Serbia: IBS) Serbiyaya Azərbaycan təbi qazını və Yunanıstandakı terminaldan LNG tədarükü üçün bu ölkə üçün böyük əhəmiyyətə malikdir.

“Report” Serbiya KİV-nə istinadən xəbər verir ki, bunu Serbiya Baş nazirinin müavini, mədən sənayesi və energetika naziri Zorana Mihayloviç Sofiyada Bolqarıstan, Türkiyə, Azərbaycan, Yunanıstan, Rumıniya, Şimali Makedoniya, Ukrayna enerji nazirlərinin, habelə Avropa Komisiyası və Enerji Birliyi nümayəndələrinin görüşündə bildirib.

Görüş çərçivəsində Serbiya ilə Bolqarıstan arasında IBS-in Bolqarıstan hissəsinin layihələndirilməsi, tikintisi, təchizatı, istismara verilməsinə dair müqavilə imzalanıb.

IBS-in Serbiya hissəsində işlərin yanvar ayından başladığını, layihənin gələn ilin sentyabr ayınadək hazır olacağına ümidvar olduqlarını deyən Z.Mihayloviç Türkiyə energetika nazirinin müavinilə söhbətində “Türk axını” boru kəməri ilə Serbiya üçün nəzərdə tutulan qaz həcmlərinin, Azərbaycan energetika naziri Pərviz Şahbazovla da Serbiyaya qaz nəqli və hidrogenlə bağlı yeni texnologiyaları müzakirə etdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, IBS vasitəsilə Bolqarıstandan keçməklə Serbiyaya Cənubi Qaz Dəhlizindən qaz (bu dəhliz vasitəsilə Azərbaycan qazı Avropaya nəql olunur), həmçinin təkrar qazlaşdırmadan sonra Yunanıstandan Aleksandrupolis terminalından maye təbii qaz nəql olunacaq.

Xatırladaq ki, 2018-ci ilin may ayında Avropa İttifaqı – Qərbi Balkanlar zirvə görüşündə imzalanmış bəyannaməyə əsasən inşa edilən IBS kəmərinin uzunluğu 170 km (Serbiya hissəsi 108 km, Bolqarıstanda isə 62 km-dir). İnterkonnektorun ötürmə gücü illik 1,8 milyard kubmetrdən çoxdur, 4 milyard kubmetrədək genişləndirilmə imkanı mövcuddur.

Serbiya üçün layihənin dəyəri 89 milyon avroya başa gələcək, bundan 49,6 milyon avro Aİ-nin dotasiyasıdır.

Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya ixracına 2020-ci ilin sonundan başlanılıb. Birinci il ərzində TAP ilə Avropaya 8,1 milyard kubmetr Azərbaycan qazı ixrac edilib.2022-ci ildə qaz nəqlinin həcmi 10 milyard kubmetrdən çox proqnozlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti