Yuxarı

​Sentyabrda BTC kəməri ilə Azərbaycan neftinin nəqli 7% artıb

Hesabat ayında Qazaxıstan və Türkmənistan neftinin tranziti azalıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 440 509 ton Azərbaycan nefti nəql olunub. "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin sentyabr ayından 7% artıqdır.

Bu ilin yanvar-sentyabr aylarında bu kəmərlə 21,598 mln. ton neft ötürülüb ki, bu göstərici ötən ilin müvafiq dövründən 1% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il oktyabr ayının 1-nə qədər BTC-yə 285,423 mln. ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin sentyabr ayında BTC kəməri ilə ümumilikdə 359,9 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub ki, bu göstərici də ötən ilin sentyabr ayından 6% azdır.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib, kəmərin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.

BTC boru kəməri ilə Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından hasil olunan kondensat daşınır. Bundan əlavə, BTC vasitəsilə tranzit Mərkəzi Asiya nefti nəql olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi