Qazaxıstan neftinin Bakı-Supsa boru kəməri vasitəsilə nəqli ilə bağlı danışıqlar aparılır.
Bunu “Report”a açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin rəhbərliyi bu gün Bakıda səfərdədir və bu məsələ ilə bağlı danışıqlar aparılır: “Lakin bütün məsələ tranzit şərtlərindən, qiymətlərdən aslıdır”.
Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “KazMunayGaz” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb. Görüşdə Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və ticarəti məsələləri müzakirə edilib.
Tərəflər SOCAR ilə “KazMunayGaz” arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər nəzərdən keçirib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, hazırda Azərbaycan tərəfi Bakı-Supsa kəmərində demək olar ki, istifadə etmir. Kəmərin fəaliyyəti tam dondurulmayıb, hazır vəziyyətdədir və istənilən an istifadə oluna bilər. Bu kəmər ilə neft bir ay öncədən təqdim olunan sifarişlər əsasında həyata keçirilir.
Bundan başqa, Qazaxıstan 2024-cü ildə Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) ilə 2023-cü ildə olduğu qədər - 1,5 milyon ton neft nəql etməyi planlaşdırır.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən “Çıraq” yatağından yanacağın daşınması üçün Bakı-Supsa neft kəmərindən istifadə edir. 2022-ci ilin yazında nəqliyyat problemlərinə görə bu marşrut üzrə yanacaq tədarükünün dayandırılması qərara alınıb. Hazırda bütün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac olunur.
Ötən il Azərbaycan Qazaxıstana Bakı-Supsa kəməri vasitəsilə ildə 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif edib. Bunun “Kaşaqan” yatağından çıxarılan neft olacağı ehtimal olunurdu. 2023-cü ildə Qazaxıstan neftinin BTC marşrutu ilə tədarükü 5,5 dəfə artaraq 1 milyon 392 min tona çatıb.
Bakı-Supsa boru kəməri Xəzər neftinin Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir.