Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün Şamaxı rayonunun Mərzəndiyə, Cəlilabad rayonunun Təzəkənd, Lənkəran rayonunun Vilvan, Vel və Xolmilli kəndlərinə təbii qazın yenidən verilməsi münasibətilə tədbirlər keçirilib.
Bildirilib ki, Şamaxı rayonunun Mərzəndiyə kəndinin 187 abonentinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 410 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 187 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Cəlilabad rayonunun Təzəkənd kəndinin Zubanlı yaşayış massivinin mavi yanacaqla təmin olunması üçün 6901 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 108 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Lənkəran rayonunun 937 abonenti olan Vilvan, 549 abonenti olan Xolmilli və 219 abonenti olan Vel kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.