Sakit, gözəgörünməz ölümdən necə qorunmalı?

Sakit, gözəgörünməz ölümdən necə qorunmalı? Hava şəraitinin getdikcə soyuması, payız-qış mövsümünün başlanması dəm qazı ilə bağlı məsələləri aktuallaşdırır
Energetika
11 Noyabr , 2020 16:00
Sakit, gözəgörünməz ölümdən necə qorunmalı?

Hava şəraitinin getdikcə soyuması, payız-qış mövsümünün başlanması dəm qazı ilə bağlı məsələləri aktuallaşdırır. Çünki hər il müxtəlif səbəblərdən bir qisim insan dəm qazından zəhərlənmələrlə üzləşir və nəticədə ən ağır fəsadlar – ölüm halları da qeydə alınır.

“Report”un məlumatına görə, ümumilikdə əksər dəm qazından zəhərlənmələrin hamam otaqlarında baş verdiyi aşkarlanıb. Bu da, demək olar ki, hamam otaqlarında təhlükəsizlik qaydalarından irəli gələn məsələlərin gözlənilməməsi ilə bağlıdır.

Qaz təsərrüfatı üzrə mütəxəssis Nüsrət Qasımov “Report”a deyir ki, digər amillər - tüstü bacalarının təmiz saxlanılmaması, vaxtında təmizlənməməsi və buna mükəmməl nəzarət mexanizminin olmaması da problemin üzərinə əlavə problem də gətirir: “Təbii qazla işləyən düzaxımlı su qızdırıcılarının təhlükəsiz istismarına xüsusi diqqət yetirilməlidir. Hamam otaqlarının həcmi 7,5 m³, hündürlüyü 2,5 m-dən az olmamalıdır. Hamam otağı müstəqil havadəyişmə və tüstü bacası ilə təchiz olunmalıdır. Tüstü bacasının yeri aydın görünməlidir. Otaqda havadəyişmə sistemindən əlavə nəfəslik qoyulmalıdır, qapı kənara, yəni bayıra açılmalıdır. Qapının aşağı hissəsində 0,02 m² sahəsi olan dəliklər, yaxud 0,4 x 0,5 m ölçüdə jalüz olmalıdır. Hamam otağının daxili qaz xətləri gözəgörünən, texniki baxış və qulluq edilməsi üçün əlçatan yerdə quraşdırılmalıdır. Düz axımlı su qızdırıcısının qaz xəttində bir ədəd qaz kranı olmalıdır və bütün qaz xətləri və birləşmələr polad boru ilə gözə görünən, əl çatan yerdə çəkilməlidir”.

N.Qasımov əlavə edir ki, dəm qazı bütün karbohidrogen tərkibli maddələrin, cisimlərin natamam yanmasından əmələ gəlir. Elmi dildə ona karbon-monoksid deyirlər və olduqca zəhərlidir. Əgər insan onunla 7-30 dəqiqə arasında nəfəs alarsa, dərhal zəhərlənir. Ən yaxşı halda şikəst olur, ən pis halda isə həyatla vidalaşır. Bu natamam yanma əsasən cihazlarda olan nasazlıqdan əmələ gəlir. 1 kubmetr təbii qazın yanması üçün 9,5 kubmetr hava lazımdır. Əgər oksigen məkanda çatışmazlıq səviyyəsində olarsa, bu zaman dəm qazı əmələ gəlir.

Ekspertin sözlərinə görə, mənzillərə texniki baxış həyata keçirən qurumlar da bu məsələyə həssaslıqla yanaşmalıdır. Çünki abonentlər çox vaxt mənzildaxili istifadə etdikləri cihazların standarta cavab verib-vermədiyinə, eləcə də əlavə konstruktiv dəyişiklər olunarkən nə dərəcədə düzgün davrandıqlarına fikir vermirlər. Xüsusən də hamam otaqlarında qızdırıcı cihazların yerləşdirilməsi və qaz xətlərinin çəkilməsi zamanı bu normalar gözlənilmir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişikliklərin edilməsi barədə 29 aprel 2016-cı il tarixli 180 saylı qərarın 10.2.7-ci bəndində qeyd edilir ki, qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini Fövqəladə Hallar Nazirliyinin və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla təmin edirlər.

Hamam otaqlarındakı standartlar barədə aşağıda video materialda da məlumatlar əksini tapır:

Son xəbərlər

Orphus sistemi