“Şahdəniz” yatağında hasilat artıb

“Şahdəniz” yatağında hasilat artıb
Energetika
140
12 May , 2020 12:43
“Şahdəniz” yatağında hasilat artıb

Bu ilin birinci rübündə “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 219 milyon ABŞ dollarına yaxın əməliyyat xərcləri və 219 milyon ABŞ dolları əsaslı xərclər çəkib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin I rübündə “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövründən 14,6% çox, əsaslı xərclərin həcmi isə 18% azdır.

Bildirilib ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

İlin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 4,7 milyard kubmetr qaz və 1 milyon ton (7,7 milyon barel) kondensat hasil edilib. Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin I rübündən 9%, kondensat hasilatının həcmi 2,7% çoxdur.

Qeyd edilib ki, 2018-ci ilin iyul ayının sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.