"Şahdəniz 2" platformalarının ikinci dayaq bloku dənizə yola salınıb

"Şahdəniz 2" platformalarının ikinci dayaq bloku dənizə yola salınıb BP bu nəhəng layihənin irəliləyişinə göstərdiyi dəstəyə və əməkdaşlığa görə SOCAR-a və tərəfdaşlarına minnətdardır
Energetika
16 Mart , 2017 13:27
Şahdəniz 2 platformalarının ikinci dayaq bloku dənizə yola salınıb

Bakı. 16 mart. REPORT.AZ/ "Şahdəniz 2" platformalarının ikinci dayaq bloku dənizə yola salınıb. Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının dayaq bloku qrafiki qabaqlayaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan (BDÖZ) Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə göndərilib.

"Report" bu barədə "BP-Azerbaijan"a istinadən xəbər verir. 

Dayaq bloku konstruksiyasının daşınması, suya endirilməsi, yerləşdirilməsi, payaların üzərinə quraşdırılması və yekun tamamlanma işlərinin hava şəraitindən asılı olaraq təxminən 75 gün davam edəcəyi gözlənilir.

Dayaq blokunun tikintisi qrafiki qabaqlayaraq 20 fevral 2017-ci il tarixində tamamlanıb və sonra uğurla BDÖZ-dəki yanalma körpüsündə STB-1 daşıma barjına yüklənib.

"BOS Shelf", "Star Gulf" və "Saipem" şirkətlərinin konsorsiumu tərəfindən inşa edilmiş bu dayaq bloku yerli tikinti-quraşdırma infrastrukturundan və qurğularından istifadə olunmaqla bütövlüklə ölkə daxilində BDÖZ-də inşa edilib. Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar daxil olmaqla 2 000 nəfər işçi cəlb edilib. Bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.

BP-nin "Şahdəniz 2" layihələri üzrə vitse-prezidenti Yuan Dramond bildirib ki, 2017-ci il həm BP şirkəti üçün, həm də artıq təxminən 90%-i tamamlanmış "Şahdəniz 2" layihəsi üçün əhəmiyyətli bir ildir: "Biz bu il layihə üzrə bir sıra mühüm işlərin tamamlanmasını planlaşdırırıq. BP-nin Azərbaycandakı fəaliyyətinin 25-ci ildönümünü qeyd etdiyimiz bu ildə biz planlaşdırdığımız bütün işləri qrafikə uyğun tamamlamaqla böyük uğura imza atmaq niyyətindəyik. Bu münasibətlə, mən bu nəhəng layihənin irəliləyişinə göstərdikləri dəstəyə və əməkdaşlığa görə SOCAR-a və tərəfdaşlarımıza dərin minnətdarlığımı bildirirəm. Eləcə də, bu mərhələnin qrafikdən öncə tamamlanmasına nail olmaq üçün öz zəhmətini əsirgəməmiş BP-nin, podratçıların və subpodratçıların bütün əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm. Bu dayaq blokunun 22 aylıq tikinti müddətində BP-nin texniki təhlükəsizlik standartlarına tam əməl etdiklərinə görə BOS Shelf, Star Gulf və Saipem konsorsiumuna xüsusilə təşəkkür etmək istəyirəm. Bu, əməyin təhlükəsizliyi baxımından böyük nailiyyətdir və mən əminəm ki, dənizdəki quraşdırma işləri də əməyin təhlükəsizliyinə və keyfiyyətə eyni dərəcədə əməl edilməklə həyata keçiriləcək”.

İkinci dayaq blokunun çəkisi təxminən 12 084 ton, hündürlüyü isə 105 metrdir. Dayaq blokunun 31 J-formalı borusu, 7 xidməti kessonu və 3 J-formalı boru kessonu var. Dayaq bloku suyun 95 metr dərinliyində quraşdırılacaq.

Son xəbərlər

Orphus sistemi