Rusiya neft hasilatının həcminin azaldılmasına dair OPEC+ sazişinin şərtlərinin sərtləşdirilməsi variantını nəzərdən keçirir və gələn ay keçiriləcək iclasda belə bir təkliflə çıxış edə bilər.
“Report” xəbər verir ki, bu barədə "Kommersant" nəşri öz mənbələrinə istinadən yazıb.
İyuldan etibarən OPEC+ çərçivəsində neft hasilatının gündəlik həcminin 9,7 milyon bareldən 8 milyon barelə düşəcəyi güman edilirdi. Bununla yanaşı, Rusiya mövcud kvotaların qüvvədə olma müddətinin daha 2 ay, yəni bu ilin sentyabr ayına qədər uzadılmasını istəyə bilər.
Cari göstəricilərin qorunması mövzusunun ölkənin energetika naziri Aleksandr Novakın mayın 26-da ölkənin neft şirkətlərinin rəhbərləri ilə görüşündə müzakirə edildiyi bildirilir. Məlumata görə, mövcud kvotaların uzadılması məsələsində şirkətlər arasında fikir ayrılığı var.