Rövşən Nəcəf: "Azərbaycanın qaza artan tələbatı ödəmək imkanı var"

Rövşən Nəcəf: "Azərbaycanın qaza artan tələbatı ödəmək imkanı var" Azərbaycanın qaza artan tələbatı ödəmək imkanı var və hazırda Cənub Qaz Dəhlizi vasitəsi ilə Azərbaycan qazı Avropaya ixrac edilik.
Energetika
2 İyun , 2022 12:33
Rövşən Nəcəf: Azərbaycanın qaza artan tələbatı ödəmək imkanı var
Rövşən Nəcəf

Azərbaycanın Avropaya qaz ixracını artırmaq potensialı var.

"Report" xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan Bakı Enerji Forumundakı çıxışında bildirib.

Hazırda Azərbaycanın tədarük edə biləcəyi kifayət qədər qaz potensialının olduğunu söyləyən SOCAR-ın birinci vitse-prezidenti qeyd edib ki, hazırkı mərhələdə Cənub Qaz Dəhlizi vasitəsilə nəzərdə tutulan həcmdən əlavə qazın nəqli mümkün deyil: “Əlavə qaz həcmlərinin daşınması üçün dəhlizin ötürücülük qabiliyyətinin artırılması vacibdir. Bu səbəbdən qarşımızda duran əsas məsələlərdən biri Cənub Qaz Dəhlizinin nəqletmə gücünün artırılmasıdır. Bunun üçün avropalı tərəfdaşlarımızın, alıcılarımızın və beynəlxalq maliyyə qurumlarının dəstəyi önəmlidir. Biz tərəfdaşlarımızla danışıqlar prosesini davam etdiririk. Onu da vurğulamalıyam ki, bu prosesə dərhal başlamaq üçün hazırda əlverişli fürsət mövcuddur”.

SOCAR-ın birinci vitse-prezidenti diqqətə çatdırıb ki, son dövrlərdə qlobal miqyasda apstrim layihələrinə investisiya qoyuluşlarında azalmaların müşahidə olunması səbəbindən hazırda beynəlxalq bazarlarda təkliflər tələbi qarşılaya bilmir, buna görə də apstrim və midstrim layihələrinə investisiyaların artırılması zəruridir.

SOCAR-ın 2035-ci ilə qədər olan Korporativ Strategiyasından bəhs edən R.Nəcəf bildirib ki, SOCAR nümunəvi və ən müasir enerji şirkətlərindən birinə çevrilmək məqsədini qarşıya qoyub: “SOCAR olaraq yalnız neft-qaz layihələrinə deyil, həmçinin bərpa olunan enerji mənbələri, quruda və dənizdə külək enerjisi layihələri və digər aşağı emissiyalı sahələrdə potensial bazar imkanlarını nəzərdən keçiririk. Bizim strategiyamız qısa və ya orta müddətli deyil, uzunmüddətli hədəfləri nəzərdə tutur”.

O qeyd edib ki, SOCAR öz müəssisələrində rəqamsal enerji texnologiyalarının tətbiqinə də üstünlük verir və bunu prioritet istiqamət kimi müəyyənləşdirib.

Neft və qaza olan tələbatın bundan sonra da davam edəcəyini söyləyən Rövşən Nəcəf bununla bərabər olaraq, iqlim dəyişikliyi, bərpa olunan enerji məsələlərinin də diqqətdən kənarda saxlanılmamalı olduğunu vurğulayıb. Bildirib ki, enerji istehsalının bərpa olunan mənbələr hesabına artırılması ilə təbii qaz sərfiyyatı azaldıla və beləliklə, qənaət edilən qaz xarici bazarlara ixrac oluna bilər.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

 

Son xəbərlər

Orphus sistemi