"Report": WTI nefti 40 dollara kimi bahalaşacaq

"Report": WTI nefti 40 dollara kimi bahalaşacaq Texas neftinin qiyməti artıq 30 dollar/barel həddini keçib
Energetika
15 Fevral , 2016 17:20
Report: WTI nefti 40 dollara kimi bahalaşacaq

Bakı. 15 fevral. REPORT.AZ/ Qlobal xammal bazarlarında WTI (Texas) markalı neftin qiyməti 30 dollar/barel həddini keçib. Bu gün 0,6 dollar və ya 2% bahalaşan Texas nefti hazırda 30 dollardan artıq qiymətlə satılır. Ən son fevralın 9-da 30 dollar/barelə satılan WTI nefti daha sonra fevralın 11-də minimal səviyyə - 26,05 dollar/barelə kimi geriləyib.

"Report" xəbər verir ki, neftin qiymətinin bahalaşmasına əsas səbəb kimi OPEC ölkələrinin hasilatı azalda biləcəyi ilə bağlı ehtimallar göstərilir. Qeyd edək ki, fevralın 11-də BƏƏ-nin energetika naziri OPEC üzvlərinin hasilatı azaltmaq planları barədə danışıb. Venesuelanın neft naziri isə öz növbəsində OPEC üzvü olan və olmayan neft ölkələrinə hasilatı bu səviyyədə dondurmağı təklif edib. 

Almaniyanın "Landesbank Baden-Wuerttenberg" bankının analitiki Frank Klamp (Frank Klumpp) qeyd edib ki, neft hasilatının azaldılacağını gözləyən bir çox treyder qısa mövqelərini bağlayır. 

Qeyd edək ki, neftin bahalaşmasına fevralın 12-də ABŞ-da aktiv neft-qaz buruqlarının 30 ədəd və ya 5,2% azalaraq 541-dək azalması amili də təsir göstərib.

"Report"un analitiklərinin fikrincə, bu neft markasının 40 dollar/barelə qədər bahalaşması gözlənilir.

Son xəbərlər

Orphus sistemi