Yuxarı

​"Report": Neftin ucuzlaşması davam edəcək

Brent markalı neftin qiyməti 52 dollar/barelə qədər düşə bilər

Bakı. 7 iyul. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti artıq tezliklə 52 dollar/barelə qədər düşə bilər.

"Report"un analitik qrupu xəbər verir ki, 2014-cü il iyunun 19-da 115,7 dollar/barel qiymətindən ucuzlaşmağa başlayan neft 13 yanvar 2015-ci il tarixində minimum səviyyəyə - 47,68 dollar/barelə düşüb. Bundan sonra bir qədər texniki dəstəklə yüksələn neft iyulun 5-də 69,16 dollar/barelə qədər bahalaşıb.

"Daha sonra yenidən azalmağa başlayan "Brent" markalı neft dünən yanvarın 13-dən davam edən artım trendindən çıxıb. Bu da onu deməyə əsas verir ki, artıq çox önəmli müsbət xəbərlər olmasa, neft bir daha 61-62 dollar/barel səviyyəsindən yuxarı arta bilməyəcək. Azalmanın isə 52,5 dollara qədər davam etməsi ehtimal olunur. Bu səviyyədən sonra isə "Brent" 13 yanvardakı minimuma, yəni 47,68 dollar/barelə qədər azala bilər", - deyə analitiklər bildirib.

Bu səbəbdən "Report"un ekspertləri neftin bu il yenidən minimum səviyyələrdən satılacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, bu gün, iyulun 7-də "6-lıq" ölkələrinin İran məsələsi ilə bağlı yekun qərarı bilinəcək. Neftin qiymətinin son günlərdə kəskin azalması da məhz İranla Qərbin müsbət razılaşma əldə edəcəyi gözləntisi ilə bağlıdır. Sanksiyalar qaldırıldığı halda isə İranın neft hasilatını önəmli ölçüdə artıracaq. Bu da neft bazarında təklifi daha da artıracaq və cari qiymətə azaldıcı təsir göstərəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi