​“Qərbi Abşeron” yatağında yeni özül tikilir

​“Qərbi Abşeron” yatağında yeni özül tikilir Özüldən qazılacaq 10 quyudan hər birindən sutkada 70 ton neft hasil ediləcəyi proqnozlaşdırılır
Energetika
24 Noyabr , 2015 18:10
​“Qərbi Abşeron” yatağında yeni özül tikilir

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağında yeni 54 saylı stasionar dəniz özülünün tikintisini davam etdirir.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, dəniz özülü ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında tikilir.

Belə ki, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özülün 4 dayaq bloku, 2 aralıq seksiyası “Zığ” istehsalat sahəsində, qalan 5 dayaq bloku və 7 ədəd aralıq seksiyası isə “BOS Şelf” MMC-də hazırlanıb. Blokların dənizə nəql edilərək layihə nöqtəsində quraşdırılması üçün hazırlıq işləri aparılır.

Dənizdə tikinti-quraşdırma işlərinə cari ilin sonunda başlanılması gözlənilir. Özüldə 3 480 kv. metrlik istehsalat və 600 kv. metrlik yaşayış sahələrinin quraşdırılması nəzərdə tutulur. Yaşayış sahəsi istehsalat sahəsi ilə hər birinin uzunluğu 45 metr olan 2 piyada körpüsü ilə birləşdiriləcək. Özül 7 yanalma və 4 minik meydançası, yaşayış bloku, müasir qazma qurğusu, avtomatik idarəetmə sistemi, bioloji təmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz olunacaq. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

Qeyd edək ki, dənizin 13,5 metr dərinliyində yerləşdiriləcək özüldən qazılacaq quyuların hər birindən sutkada 70 ton neft hasil ediləcəyi proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi