Yuxarı

​"Qazprom" "Türk axını" layihəsinin 1 il gec həyata keçirilməsini istisna etmir

Şirkətdən bildiriblər ki, hökumətlərarası sazişin imzalanması vaxtı Qazpromdan asılı deyil

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Qazprom" "Türk axını" layihəsinin 1 il gec həyata keçirilməsini istisna etmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Qazprom"un sədr müavini Aleksandr Medvedev jurnalistlərə açıqlamasında bildirib.

"Əgər layihə bir il gec başlasa, heç bir pis şey baş verməz", - Medvedev deyib.

O, hökumətlərarası sazişin imzalanması vaxtının "Qazprom"dan asılı olmadığını vurğulayıb. "Türkiyə hökumətinin formalaşması müəyyən vaxt tələb edəcək, əvvəlcədən nə isə söyləmək çox çətindir", - o əlavə edib.

Onun sözlərinə görə, Türkiyə hökuməti "Türk axını" layihəsinin ilk xəttinin əhəmiyyətini vurğulayıb, lakin onlar bütün dörd xəttin inşasına hazırdılar.

"Qazprom"un rəhbəri Aleksey Miller çərşənbə axşamı bildirib ki, heç bir siyasi risklər layihəyə əngəl törədə bilməyəcək. O, Suriyadakı vəziyyətin layihə ilə bağlı sazişin imzalanmasına təsir edə biləcəyi sualını cavablandırarkən deyib ki, hökumətlərarası sazişin mətninin hazırlanması üzrə işlər davam edir və heç bir kənar faktor bu işə təsir etməyəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi