Qazaxıstanın “Tengizchevroil” neft şirkəti fəaliyyətini davam etdirsə də, son hadisələr nəticəsində logistika sahəsində yaranmış çətinliklərlə bağlı hasilat həcmini müvəqqəti olaraq dəyişdirib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Chevron” şirkətinin sözçüsü Salli Cons bildirib. O, bir sıra icraçı şirkətlərdən olan işçilərin ölkəboyu keçirilən etiraz aksiyalarına dəstək məqsədilə Tengiz yatağında toplaşdıqlarını təsdiqləyib.
Qeyd edək ki, “Tengizchevroil” şirkəti Qazaxıstanın Atırau əyalətində, Xəzər sahilboyundakı Tengiz neft yatağının istismarı məqsədilə “Chevron”un 50 faiz, “ExxonMobil”in 25 faiz, “QazMunaiGas”ın 20 faiz, “LUKArco” şirkətinin də 5 faiz payı ilə yaradılmış birgə müəssisədir.