Qazaxıstan hasilat azalmasını avqust-sentyabrda kompensasiya edəcək

Energetika
  • 09 iyun, 2020
  • 07:31
Qazaxıstan hasilat azalmasını avqust-sentyabrda kompensasiya edəcək

Qazaxıstan OPEC+ sazişi çərçivəsində may ayı üçün üzərinə düşən neft hasilatının azaldılması öhdəliyini bu ilin avqust-sentyabr aylarında kompensasiya etməyi planlaşdırır.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Energetika naziri Nurlan Noqayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstanda mayın 1-dən 12 gün ərzində neft hasilatının üstələməsi 3,13 mln barel təşkil edib. Onların ödənişi avqust-sentyabr aylarına planlaşdırılıb.

Nazir bildirib ki, beləliklə, Qazaxıstan neft hasilatını 2018-ci ilin noyabr səviyyəsindən iyulda 23%, avqust-sentyabr aylarında 21% və oktyabr-dekabrda isə 18% azaldacaq: “Bununla əlaqədar olaraq, 2020-ci il üçün neft hasilatı proqnozu 86 mln ton təşkil edir ki, bu da əvvəlki indikativ proqnoz olan 90 mln tondan 4% azdır".