“Masdar Azerbaijan Energy” MMC-yə (MAE) Azərbaycanın Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 meqavatlıq (MVt) günəş elektrik stansiyasının maliyyələşdirilməsi üçün 114,2 milyon ABŞ dolları məbləğində kredit paketi ayrılacaq.
“Report” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) məlumat yayıb.
Bildirilir ki, bunun 21,4 milyon ABŞ dollarını Asiya İnkişaf Bankı (ADB) , 92,8 milyon ABŞ dollarını isə EBRD, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) və Abu Dabi İnkişaf Fondu (ADFD) tərəfindən ayrılacaq.
Vəsait Azərbaycanın şərqində Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 MVt-lıq fotovoltaik (PV) günəş elektrik stansiyasının istismara verilməsinə sərf olunacaq.
Maliyyələşdirmə tamamilə “Abu Dhabi Future Energy” şirkətinə məxsus olan Qaradağ Günəş Layihəsinin tərtibatçısı “Masdar Azerbaijan Energy” MMC-yə veriləcək.
"Masdar" qlobal miqyasda fəaliyyət göstərən aparıcı bərpa olunan enerji şirkətidir və EBRD, ADB, JICA və ADFD-nin mövcud müştərisidir.
"Masdar"ın günəş elektrik stansiyası Azərbaycanda ilk özəl, kommunal miqyaslı günəş enerjisi layihəsidir.
Bugünkü razılaşma, siyasi və investisiya səviyyəsində EBRD tərəfindən aktiv şəkildə dəstəklənən Azərbaycanın bərpa olunan enerji bazarında daha çox özəl sektorun iştirakı üçün presedent yaradır.
İstifadəyə verildikdən sonra stansiyanın 230 MVt bərpa olunan enerjisi 558 gigavat/saata (GWh) qədər elektrik enerjisi istehsal edəcək və illik CO2 emissiyalarını 265 000 tona qədər azaldacaq.
Bu, təkcə Azərbaycanın karbonsizləşdirmə gündəmini dəstəkləməyəcək, həm də daxili qazın ixracı üçün əlçatanlığını artırmaqla Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
Beləliklə, layihə Birləşmiş Millətlər Təşkilatının 2030 Dayanıqlı İnkişaf Məqsədlərində (SDG) müəyyən edilmiş prioritetləri dəstəkləyəcək.
EBRD Azərbaycanda mühüm institusional investordur. Bank bu günə kimi 181 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub.
Bankın ölkədəki strategiyası Azərbaycan iqtisadiyyatını şaxələndirməyə və qeyri-neft özəl sektorunu inkişaf etdirməyə kömək etməkdən ibarətdir.